Konte hökumətinin taleyi ilə bağlı qərar veriləcək

  18 Yanvar 2021    Oxunub : 777
Konte hökumətinin taleyi ilə bağlı qərar veriləcək
Bu gün İtaliyanın Baş naziri Cüzeppe Konte parlamentin aşağı palatasında çıxış edəcək və bundan sonra hökumətə güvən məsələsi səsə qoyulacaq.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, Konte parlamentdə mütləq səs çoxluğu əldə etməsə, kabinet istefa etmək məcburiyyətində qalacaq.

Cüzeppe Konte bu addımı keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi “İtalia Viva“ partiyasının koalisiyalı hökumətin tərkibində iştirakdan imtina etməsi və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırmasından sonra atıb.

Kontenin böhrandan çıxması üçün parlamentin aşağı palatasında onun koalisiyasına azı 25 deputat, Senatda isə 18 senator səs verməlidir.

Qeyd edək ki, yanvarın 13-də İtaliyada hökumət koalisiyası dağılıb. Keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi "İtalia Viva" partiyasının koalisiyalı hökumətin tərkibində iştirakdan imtina etməsi və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırmasından sonra bitərəf Baş nazir Kontenin rəhbərlik etdiyi və tərkibinə “Beş ulduz hərəkatı”, sosial-demokratların (“Partido Democratico”) təmsil olunduğu koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirmiş olub.

M.Renzinin bu addımı atmasında əsas səbəb kimi Avropa İttifaqının üzv ölkələrin koronavirus böhranından çıxış üçün nəzərdə tutduğu maliyyə vəsaitlərinin hansı təyinat üzrə xərclənməsindəki fikir ayrılığı göstərilir. Həmçinin, Renzi Konte ilə digər mövzularda da ortaq məxrəcə gələ bilmir.

Baş nazir artıq Prezident Sercio Mattarella ilə görüşüb və vəziyyət barədə onu məlumatlandırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İtaliya   Konte