Avropa Navalnının azad olunmasını tələb edir

 Avropa Navalnının azad olunmasını tələb edir
  18 Yanvar 2021    Oxunub:1149
Avropa parlamenti və Avropa İttifaqı Şurası Rusiya müxalifətinin lideri Aleksey Navalnının saxlanılmasını müzakirə edəcək.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, Navalnı ilə bağlı məsələ Avropa parlamentinin yanvarın 18-də açılacaq sessiyasında və 25 yanvarda isə Aİ Şurasında xarici işlər nazirləri səviyyəsində müzakirə olunacaq.

Xatırladaq ki, Aİ qurumlarının rəhbərləri bazar günü axşam Berlindən qayıdan Navalnının həbsindən narahatlıqlarını dilə gətirib və onun dərhal sərbəst buraxılmasına çağırıblar.

Aİ Şurasının rəhbəri Şarl Mişel, Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell, Avropa parlamentinin sədri David Sassoli bununla bağlı “Twitter”də paylaşım ediblər.

"Rusiya səlahiyyətlilərindən Navalnının dərhal sərbəst buraxılmasını xahiş edirik. Onu Avropa parlamentinə dəvət etməyə hazırıq", - Sassoli yazıb.

Ş.Mişel isə Navalnının Moskvaya gəldikdən sonra tutulmasının qəbuledilməz olduğunu və dərhal buraxılmasını tələb edib.

"Rusiya hakimiyyəti Navalnının hüquqlarına hörmət etməli və onu dərhal azad etməlidir. Hüququn siyasiləşdirilməsi qəbuledilməzdir", - deyə Borell bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  





Xəbər lenti