Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

  Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat
  18 Yanvar 2021    Oxunub:3579
Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş xalq - azərbaycanlılar və gürcülər arasında münasibətlərə xələl gətirməyə cəhd edirlər.
Ermənilər bu dəfə xeyriyyə konserti təşkil edəcəkləri və bu konsertdə tanınmış gürcü müğənnilərin də iştirak edəcəkləri barədə yalan məlumat yayıblar.

Belə ki, ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib.

Elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödəniləcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib.

Təşkilatın məlumatına görə, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak edəcəklər.

Ötən gün təşkilat “Facebook” səhifəsində tədbirə qatılacaq Gürcüstandan olan müğənnilərin siyahısını yayıb. Amma məlum olub ki, gürcü müğənnilər xeyriyyə tədbirindən məlumatsızdırlar.

Tbilisidəki M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva adıçəkilən tədbirlə bağlı gürcü müğənnilərlə əlaqə saxlayıb. L.Əliyeva AzərTAc-a bildirib ki, adları siyahıya daxil edilən müğənnilər Salome Korkotaşvili və Sopo Batilaşvili ümumiyyətlə bu konsertdən xəbərsizdirlər. Hər iki müğənni konsertdə iştirak edəcəkləri barədə yayılan məlumatı təkzib edib.

Bundan sonra S.Korkotaşvilinin “Facebook” səhifəsində konsertə qatılmayacağı barədə məlumat yerləşdirib və bu məlumatdan sonra onun adı konsertin afişasından çıxarılıb.

Digər müğənni S.Batilaşvilinin də adı siyahıdan çıxarılıb.

L.Əliyeva bildirib ki, digər gürcü müğənni Ketato da pandemiya səbəbindən konsertdə iştirak edə bilməyəcək: “Ən təəccüblüsü isə odur ki, gürcü müğənnilərin siyahısında birinci yerdə “Mepe” təxəllüslü İrakli Çarkvianinin adı göstərilib. Lakin müğənni 2006-cı ilin fevralında vəfat edib”.

Xeyriyyə konsertinin keçiriləcəyi 20 yanvar tarixi də heç şübhəsiz, təsadüfən seçilməyib. Azərbaycan xalqının ümummilli hüzn günündə ermənilərin artıq mövcud olmayan qondarma rejimə yardım məqsədilə konsert təşkil etməsi onların növbəti həyasızlığıdır. Lakin ermənilərin təxribatçı cəhdlərinin hamısı uğursuzluğa məhkumdur.

Azvision.az


Teqlər: Ermənistan   Gürcüstan   Təxribat  





Xəbər lenti