Türkiyə sosial şəbəkələrin “ipini yığır”: Yeni sanksiyalar gəldi

  19 Yanvar 2021    Oxunub : 3946
 Türkiyə sosial şəbəkələrin “ipini yığır”:  Yeni sanksiyalar gəldi
Türkiyənin sosial şəbəkələrin tənzimlənməsilə bağlı qəbul etdiyi 7253 saylı qanuna əsasən, Facebook və Instagram ölkədə öz nümayəndəliklərini açacaqlar. Bu haqda Türkiyənin nəqliyyat və infrastruktur naziri Ömər Fatih Sayan məlumat verib.
Ötən ilin iyulunda qəbul edilən həmin qanun oktyabrın 1-dən qüvvəyə minib, noyabrda isə Türkiyə hakimiyyəti Facebook, Instagram, Twitter, YouTube, Periscope və TikTok sosial şəbəkələrini ölkədəki nümayəndəlikləri haqqında məlumat təqdim etmədiklərinə görə 10 milyon lirə (təxminən $1,2 milyon) cərimələmişdi.

Qanuna əsasən, 1 milyondan çox istifadəçisi olan iri sosial şəbəkələr Türkiyədə öz nümayəndəliklərini açmalıdırlar. Nümayəndəliyin rəhbəri isə ölkənin vətəndaşı olmalıdır.

Hələ ki, bu tələbi yerinə yetirməyən Twitter, Periscope və Pinterest Türkiyə tərəfindən cəzalandırılıblar: Ölkə şirkətlərinin onlara reklam verməsi qadağan olunub. Əks halda, reklam verənlər 1 milyon lirə (təxminən 135 min dollar) cərimə ediləcəklər. Sosial şəbəkələrin özləri isə hərəsi 30 milyon lirə (4 milyon dollar) cərimələnib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Sosialşəbəkə   Türkiyə