“Səngər qazmaq əvəzinə oturub tut arağı içirdilər” - Erməni jurnalist

  “Səngər qazmaq əvəzinə oturub tut arağı içirdilər” -   Erməni jurnalist
  19 Yanvar 2021    Oxunub:3730
Tanınmış erməni hərbi jurnalist Roman Baqdasaryanın tənqidi fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Azvision.az xəbər verir ki, onun sözlərinə görə, ermənilər illər boyu özlərini aldatmaqla məşğul olub.

Jurnalist bildirib ki, müharibədən əvvəl Qarabağdan İrəvana yalan hesabatlar verilirdi. Baqdasaryan sual edir ki, niyə zəif qorunan postların olduğu gizlədilib, cənub cəbhəsindəki ciddi problemlər isə Ermənistan rəhbərliyinə bildirilməyib:

“Axırda kimləri aldatdıq? Özümüzü... Cənub cəbhəsindəki ikinci xətdə niyə bütöv səngərlər olmayıb? Əsgərlərin gizlənəcək və mübarizə aparacaq yerləri yox idi. 65 kilometr səngər 2 milyon dollara başa gəlir. Belə çıxır ki, səngər qazanların çoxu heç bu işlə məşğul olmayıblar. Əsgərlər orada oturub tut arağı içiblər və zabitlər də demək olar ki, heç bir qazıntı prosesini yoxlamayıb, buna göz yumublar”.



Baqdasaryan deyir ki, erməni generalları mütəmadi olaraq hərbi rəhbərlərin və bölgədə yaşayan zənginlərin villalarının inşası üçün pulsuz insan əməyindən - əsgərlərdən istifadə ediblər:

“Onlar Çartar, Şuşa, Xankəndi və bir çox başqa yerlərdə olan villaların tikintisində istifadə ediliblər. Bu villalarda düşmənə qarşı müdafiə təşkil etmək mümkündürmü? Son 25 ildə Qarabağ mediası bütün xətlərin qorunduğunu və silahlı birləşmələrin ən çox müdafiə strukturlarına diqqət ayırdığını yazdı. Niyə cənubda demək olar ki, 2-ci və 3-cü xətlər yox idi? Amma hər şeyin çox super olduğunu yazırdılar. Cənub cəbhəsində demək olar ki, əksər torpaqlarda minalanmış sahələrin olmadığı ortaya çıxdı. Çünki "Artsax"ın hərbi rəhbərliyindən biri illər əvvəl bu sahələri yandırmaq əmri vermişdi. Ermənistan əsgərləri isə həmin ərazilərdə minaların necə partlamasını seyr edirdilər. Sonradan məhz o torpaqlarda Qarabağ varlıları kənd təsərrüfatı məhsulları yetişdirməyə başladılar. Bu əmri kim verdi? Bunlar kimin sahələridir? Adları yazmayacağam. Düşünürəm ki, hamınız təxmin edəcəksiniz”.

Erməni jurnalist daha sonra qeyd edib ki, hamının təriflədiyi Cəlal Arutyunyan ixtisasca artilleriyaçı olsa da, orduda məhz artileriya təminatında bəzi problemlər üzə çıxıb:

“Niyə demək olar ki, bütün fotolarda gənc topçularımız qulaqlarını barmaqları ilə tıxayırlar? Artilleriyaçılar üçün elementar qulaqlıqların olmadığı bəlli oldu. Belə çıxır ki, onlar yalnız kağız üzərində mövcuddur? O pulları kim alıb əsgərləri qulaqlıq ilə təmin etməyib? Çox qəribə bir vəziyyətdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Arutyunyan   Səngər   Problem  





Xəbər lenti