Erməni deputat: “Heç kim müharibə istəmir”

  Erməni deputat:  “Heç kim müharibə istəmir”
  20 Yanvar 2021    Oxunub:2952
“Ermənistanda hansı düşərgəni təmsil etməsindən asılı olmayaraq kiminsə düşmənə “işləyə” biləcəyinə inanmıram”.

Azvision.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Lusine Badalyan erməni mətbuatına müsahibəsində deyib.
O, Vatikandakı keçmiş səfir, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın spiker Ararat Mirzoyan haqqında sensasiyalı faktlar yaymasına dair suala cavab verərkən bu fikirləri səsləndirib.

Xatırladaq ki, Minasyan bu günlərdə Mirzoyanın Türkiyə və Azərbaycan Xüsusi Xidmət Orqanlarının agenti olması ilə bağlı iddialar səsləndirib. Buna dair hətta xüsusi sənəd də yayılıb.

“Əvvəlki hökumət iqtidara yiyələnən yeni qüvvələrə hakimiyyəti təhvil verəndə burada düşmən ölkənin agentləri olduğunu bilirdisə, onlar hansı vicdanla və hansı sakitliklə bunu edərdilər axı? Minasyanın yaydığı o sənədin həqiqiliyi yoxlanılmalıdır. Hətta çox mənfi münasibət bəslədiyim bir insanın belə, bu cür addım atacağına inanmıram", - deyə Lusine Badalyan qeyd edib.

O, hakimiyyət dəyişikliyindən əvvəl bu cür “fakt”ların niyə yayımlanmadığını və insanlara hakimiyyətə kimlərin gəldiyini o zaman niyə izah edilmədiyini də soruşub. Hakim partiyadan olan millət vəkili, ölkəsinin xüsusi xidmət orqanlarının bu məsələyə hərtərəfli cavab verəcəyinə ümid edir.

Deputat vitse-spiker Lena Nazaryanın geniş müzakirələrə səbəb olmuş yenidən silahlanma və qələbə üçün çalışmağın zərərli olması ilə bağlı fikirlərinə də münasibət bildirib. Badalyan deyib ki, insanlar onunla razılaşmasalar belə, ilk növbədə hər kəsin fikrinə hörmət edilməlidir:

“Bu normal haldır ki, Nazaryan sülhün inkişaf yolu olduğunu düşünür, başqası birisi isə müharibənin xəyallara çatmağın yolu olduğunu deyir. Digərləri sülh üçün hər şeyi edə bilər. Amma müharibəyə ehtiyac varsa, gərək düzgün şəkildə hazırlanmalıyıq. Heç kim müharibə istəmir. Amma yenə də sülhə can ataraq bütün fors-major vəziyyətlərə, müharibəyə hazır olmalısınız. Yəni coğrafi mövqeyi, tarixi keçmişi və digər şərtləri nəzərə alaraq müharibəyə həmişə hazır olmalıyıq”.

Badalyanın sözlərinə görə, "əsirlər"in (erməni diversiya qrupu-red) qaytarılması üçün işlər aparılır. Amma bu tez həll olunan məsələ deyil. Deputat Moskvada əsirlər məsələsini həll etməyən üçtərəfli görüşü uğursuz saymayıb. "Əsirlərlə bağlı məsələ gündəmdə olmadığından, baş nazir özü bu problemi gündəmə gətirdi. Bu səbəbdən ora hamı məhbus məsələsini müzakirə etmək üçün toplaşmamışdı", - deyə o bildirib.

Əvvəllər istefa vermək niyyətinə toxunan Lusine Badalyan, bu addımı bütün gücü ilə çalışmaq məcburiyyətində olduğu üçün atmadığını söyləyib. Bundan əlavə, yaxın gələcəkdə gözlənilən erkən seçkilərlə bağlı suala cavab verərək qeyd edib ki, bu reallaşsa, çox şey dəyişməyəcək:

“Bəli, ədalətli olsaq və doğru danışsaq Paşinyanın sayəsində parlamentdəyik. Çevrilişdən sonra postinqilab dövründə olduq və inqilabın siması mən və ya başqa bir səlahiyyətli şəxs deyil, Nikol Paşinyan sayılır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Deputat   Minasyan   Agent  





Xəbər lenti