281 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib
Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatların aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, o cümlədən “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) Korrupsiya Qavrama İndeksi üzrə sonuncu hesabatında ölkəmizin 30 balla 26 pillə irəliləməsi diqqətə çatdırılmış, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumların da əldə edilən nailiyyətləri yüksək qiymətləndirdikləri bildirilib.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 62 milyon 436 min manat məbləğində ziyanın ödənilməsi təmin edilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.
2020-ci il ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Azvision.az
Teqlər: Prokurorluq Korrpusiya