2600-dən çox məhkum elektron qolbaq daşıyır

   2600-dən çox məhkum elektron qolbaq daşıyır
  25 Yanvar 2021    Oxunub:1070
Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq olunub. Bu da 2019-cu illə müqayisədə 7,3 faiz çoxdur. Elektron qolbaq tətbiq olunmuş şəxslərin 2561-i azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Həmçinin 19 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 23 nəfər isə şərti olaraq məhkum edilib.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov deyib.

M.Hümbətov qeyd edib ki, ötən il məhkəmələrin pandemiya səbəbindən məhdudiyyətlə fəaliyyət göstərməsinə baxmayaraq, yerli probasiya qurumlarında 9576 məhkum qeydiyyata alınıb. Eyni zamanda, müxtəlif hüquqi əsasla 10 min 453 məhkum qeydiyyatdan çıxarılıb. Hesabat dövründə cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir.

Məlumat verilib ki, ötən il 155 min 131 saat həcmində ictimai iş həyata keçirilib. Cəza çəkməkdən boyun qaçıran 245 məhkum tutulub və barələrində müvafiq tədbirlər görülüb. Cəzanın icrasından boyun qaçıran 1023 məhkumun cəzasının qanunvericiliyə uyğun olaraq daha ağır cəza növü ilə əvəzlənməsi barədə məhkəmələrə təqdimatlar göndərilib.

Azvision.az


Teqlər: Məhkum   Elektron   Qolbaq  





Xəbər lenti