39 nəfər korrupsiya faktına görə cinayət başında tutulub

39 nəfər korrupsiya faktına görə cinayət başında tutulub
  25 Yanvar 2021    Oxunub:1956
Xəbər verildiyi kimi, yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azvision.az-ın məlumatına görə, Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Qeyd edilib ki, 2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib, keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.

Məktəblilərin cərəyan nəticəsində ölümü ilə bağlı cinayət işi açılıb
Bildirilib ki, hesabat dövründə respublikanın paytaxtı və digər rayon, şəhələrində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə yol vermiş şəxslər barəsində, o cümlədən aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən 800-dən çox arayışın verilməsi faktları üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə 415 cinayət işi başlanıb ki, bu işlərdən 334-ü karantin rejimimin sərtləşdirilməsi ilə əlaqədar prokuror nəzarətinin gücləndirilməsi tədbirlərindən sonra başlanıb.

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.

Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.

Xüsusi vurğulanıb ki, hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları da fəaliyyətini müharibə dövrünün tələblərinə uyğun qurmaqla erməni birləşmələrinin hərbi qulluqçularımıza qarşı törətdikləri cinayət faktlarının araşdırılmasında öz üzərlərinə düşən vəzifələri layiqincə icra edib, eləcə də cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması təmin edilmiş, 2019-cu illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Azvision.az


Teqlər: Prokurorluq   Cinayət   Korrupsiya  





Xəbər lenti