“AzerGold”da onlayn müşavirə keçirilib
Müşavirədə “AzerGold”un ötən ildə də regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi məqsədilə QSC tərəfindən ilk dəfə tədavülə buraxılan 20 milyon ABŞ dolları həcmində istiqrazların emissiyası uğurla həyata keçirilib.
Bununla yanaşı, “AzerGold” tərəfindən kəşf olunmuş “Ağyoxuş 1” yatağı ötən il noyabrın 30-da istismara verilərək yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına və orada hasil edilən süxurların Çovdar Emal Sahəsində (ÇFES) emal edilməsinə başlanılıb. Bununla da sözügedən emal sahəsinin bazasında gələcəkdə ətrafdakı yeni yataqların istismara verilməsi ilə genişləndiriləcək Çovdar Regional İnteqrəolunmuş Mərkəzin qurulması sahəsində ilk addımın atıldığı qeyd edilib.
İdarə heyətinin sədri QSC tərəfindən yeni yataqların istismarına hazırlıq çərçivəsində ötən il intensiv kəşfiyyat və tədqiqat işlərinin qrafik üzrə davam etdirildiyini bildirib. Hesabat dövründə QSC-nin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqlarının istismara verilməsi istiqamətində 75 min 778 metr dərinliyində buruq-qazma işləri icra olunub.
Müşavirədə “AzerGold”un cari ildə də regionlarda yeni mədənlərin işə salınması istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin,“Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən “Tüllallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb. Bildirilib ki, bu layihələrin icrası ilə QSC-nin genişmiqyaslı regional mədən şirkətinə, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.
İdarə heyətinin sədri Prezident İlham Əliyevin 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə QSC-nin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunmasının həvalə edilməsinin də dövlət başçısı tərəfindən şirkətin fəaliyyətinə göstərilən yüksək etimadın nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirin davamında bu istiqamətdə də görülən və planlaşdırılan işlər haqqında da geniş müzakirə aparılaraq QSC-nin Müşahidə Şurasına təqdim edilməsi məqsədilə 2021-ci il üzrə ümumi fəaliyyət planı təsdiq edilib. Müzakirələrin sonunda qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Azvision.az
Teqlər: AzərGold