Azərbaycan-İran əməkdaşlığı İrəvanı niyə məyus edir? - ŞƏRH

 Azərbaycan-İran əməkdaşlığı İrəvanı niyə məyus edir? -  ŞƏRH
  27 Yanvar 2021    Oxunub:2240
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bir sıra vacib və maraqlı fikirlər səsləndirib. Onun başa çatan Qarabağ münaqişəsi və ümumilikdə Azərbaycanla sıx əməkdaşlığa dair bəyanatları Ermənistanda məyusluqla qarşılanıb.
Zərif aşkar şəkildə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır.

“Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”,- İranın XİN rəhbəri deyib.

İran-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi fonunda Ermənistanın yeni regional reallıqlardan qıcıq olması İrəvanın hələ də öz ampluasında qalmasından xəbər verir.



Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, əslində Zərifin Bakıdakı çıxışının Ermənistanda məyusluqla qarşılanacağı gözlənilən idi.

Rəsmi İrəvana təsir edən əsas məqam İranın işğaldan azad edilən ərazilərimizdəki bərpa işlərində aktiv şəkildə iştirak etmək istəyidir:

“Ermənistanın siyasi elitası, eləcə də ümumilikdə cəmiyyəti bu mövzuda çox arxayın davranırdılar. Müəyyən bir tarixi dönəmlər olub ki, İranla Ermənistan arasından su keçmirdi. Sirr deyil ki, Tehranla İrəvan iki qonşu dövlət kimi bir-birinə həddindən artıq isti münasibətlər nümayiş etdiriblər. İndi isə dövr dəyişib, regionda yeni reallıqlar formalaşıb. Kobud səslənsə də, belə bir ifadə səsləndirərdim ki, postmüharibə dövründə də qonşu Ermənistan həyasızlığından qalmır. Yəni bizim regionda 30 ildir işğalçı xalq kimi tanınan ermənilər daim həyasızlığı ilə də seçiliblər. İndi uzun illər özlərinə yaxın bildikləri İran başqa cür davranıb Azərbaycanla əməkdaşlığın yeni mərhələsindən söz açanda məyusluqlarını, əslində isə həyasızlıqlarını nümayiş etdirirlər.

Bu bir reallıqdır ki, İranın dövlət maraqları var. Qonşu ölkədə 40 milyona yaxın azərbaycanlı yaşayır və təbii ki, rəsmilər onların da tələb və istəkləri ilə davranmaq məcburiyyətindədirlər. İran rəhbərləri də hər zaman onların tələblərini, maraqlarını reallaşdırmalıdır. Bu gün İranın dövlət maraqları tələb edir ki, bizim ərazilərimizdə özünün böyük biznes, kommersiya istəklərini reallaşdırsın, iqtisadi əməkdaşlıqda öndə olsun”.

Politoloqun fikrincə, Zərif energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələrin onlar üçün prioritet təşkil etdiyini diqqətə çatdırıb. Hətta konkret belə bir fikir də ortaya qoyuldu ki, İran şirkətləri işə başlamağa hazırdırlar:

“İran elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıqda da xüsusi bir marağını ortaya qoydu. Bu iqtisadi layihələr təkcə elektrik enerjisinin istehsalı üçün deyil, suvarma qovşaqları üçün də mühüm əhəmiyyətə malikdir. Bəs İran Ermənistan kimi bataqlıda çabalayan bir ölkə ilə hansı mühüm iqtisadi layihəni reallaşdıracaqdı? Bu cür genişmiqyaslı əməkdaşlıqlar yaxın gələcək üçün mümkün deyildi. Üstəgəl, Azərbaycanın ideya müəllifi olduğu və Mehri istiqaməti ilə keçəcək yeni dəmir yol xətti də İran üçün cazibədar görünür. Yeni yol Tehranın Avropaya çıxmaq şanslarını xeyli artırır. İranın belə bir nəqliyyat qovşağına qoşulmaq istəyi əməkdaşlığın sıxlaşacağına dəlalət edir. Nəqliyyatdan danışarkən Şimal-Cənub dəmir yol dəhlizini də unutmamalıyıq. Düzdür, Azərbaycanın kredit verməsinə baxmayaraq, hələ də İranın günahı ucbatından tikilib başa çatmayıb. Amma perspektivlər var. Yəni İran Azərbaycanla münasibətlərdə bölgənin demək olar ki, bütün mənfəətlərindən istifadə etmək imkanları qazanır. Ermənistanın indiki halda qısqanclığı başa düşüləndir. İrəvanla region ölkələri hansı iqtisadi, regional layihəyə qol qoya bilərdi axı?”.

Qabil Hüseynlinin fikrincə, Qarabağ böhranının həllindən sonra İran Azərbaycan mövzusuna daha həssas yanaşacaq:

“Düzdür, hərdən bir qrup iranlı siyasətçi ermənipərəst siyasət yürüdür. Amma bu cür yanlış gedişlər əhalinin böyük hissəsini təşkil edən azərbaycanlılarda ciddi qəzəb hissi oyadırdı. Bundan sonra atılacaq belə addımlar İran dövlətinin stabilliyini də poza bilər. Yəni yaxın gələcəkdə əməkdaşlıq genişləndikcə, bütün bu kimi vacib nüanslar nəzərə almalıdırlar. Qısası, əgər Ermənistanda bizim cənub qonşumuzla iqtisadi və siyasi yöndə olan yaxınlaşmalarımızı anlamaq istəmirlərsə, bu, onlar üçün ciddi problemlər yaradacaq. Düzdür, hələlik İranın səmimiyyəti haqqında tam fikrə də malik deyiləm. Amma aşkar görünür ki, Tehranın son davranışları- Azərbayacana meylli siyasətə keçmək məcburiyyətdən yaranıb. Başqa cürə hərəkət etmək onun iqtisadi və siyasi maraqlarına və bütövlükdə bölgədəki geopolitik duruma uyğunlaşmasına ciddi əngəllər yarada bilər”.

Onu da qeyd edək ki, artıq İran XİN-in başçısı İrəvana gedib. O, Bakıda olarkən bildirmişdi ki, Azərbaycan Prezidentinin “3+3” əməkdaşlıq formatı təklifinə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcək. Nazirin sözlərinə görə, belə əməkdaşlıq region ölkələrinin hamısının maraqlarına uyğundur.

Tural Tağıyev
Azvision.az


Teqlər: İran   Zərif   İrəvan   İqtisadi-maraq  





Xəbər lenti