“Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar” - Şöbə müdiri

 “Ermənilər Şuşadakı qəbiristanlıqları da dağıdıblar” -  Şöbə müdiri
  28 Yanvar 2021    Oxunub:6455
“Yuxarı Gövhərağa məscidinin zirzəmisindən Şuşa Tarix-Diyarşünaslıq Muzeyinə məxsus eksponatlar tapdıq. Şəhər işğaldan azad olunanda ermənilər qaçdıqları üçün onları daşıyıb aparmaq imkanları olmayıb”.
Bunu Azvision.az -a açıqlamasında Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov deyib. Onun sözlərinə görə, ermənilər Şuşada dövlət tərəfindən mühafizə olunan 248 tarixi abidəni məhv ediblər.

“Üzeyir Hacıbəyovun və Xan Şuşinskinin evlərinin ancaq bünövrəsi qalıb. Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və Mir Mövsüm Nəvvabın evini düzəngaha çeviriblər. Xan qızı Natəvanın mülkindən ancaq divar qalıb.

O vaxtı Şuşa Tarix-Diyarşünaslıq Muzeyi Yuxarı Gövhər ağa məscidində yerləşirdi. 1991-ci ildə biz muzeyi boşaldıb, onu məscid kimi xalqın istifadəsinə verdik. 20 yanvarda şəhər camaatı ilk namazı qıldılar. Muzeyin eksponatlarını məscidin zirzəmisinə yığmışdıq. Şuşa 1992-ci ildə işğal olunanda muzeyin eksponatlarını zirzəmidən çıxara bilmədik. Şəhər azad olunandan sonra həmin eskponatları oradan tapanda çox sevindim. Ermənilər qaçdıqları üçün onları daşıyıb aparmaq imkanları olmamışdı”.



Şöbə müdiri Şuşaya aid 1200-ə yaxın eksponat topladığını söyləyib:

“Qondarma rejimin tarix muzeyinə baş çəkdim. Bizə məxsus eksponatları orada gördüm. Daha sonra Şuşadakı evləri bir-bir gəzib 1200-ə yaxın eksponat topladım. Onların arasında bizə məxsus 78 qədimi xalça var. Digərləri isə tarixi əşyalardır.

Şuşada qəbiristanlıqlar da dağıdılıb. Atamın məzarı Cıdır düzündə Mir Mövsüm Nəvvabın məzarının yanında idi. Hər ikisinin baş daşını söküb aparıblar. İndi həmin qəbiristanlığı böyürtkən kolluğu basıb.

Məndə olan məlumata görə, Xan qızı Natəvanın Ağdamda yerləşən məzarını da söküblər. Mən belə yırtıcı, murdar, vəhşi xalqa rast gəlməmişəm. Mənim ölümün sümüyü sənin nəyinə lazımdır?



30 il Şuşada yaşayıblar, bir yenilik etməyiblər, təmizlik işləri aparmayıblar. Ancaq dağıtmaqla məşğul olublar. Şuşada 17 məhəllə olub. Hər məhəllənin öz məscidi, hamamı, bulağı, təndiri var idi. O vaxtı hansısa məhəllədə su olmayanda həmin məhəllənin kişilərinə pis baxırdılar. Deyirdilər, sən necə kişisən ki, sənin məhəlləndə bulaq, su yoxdur. Ermənilər bulaqları da qurudublar. Seyidli, Qurdlar, Culfalar məhəlləsində bulaq qalmayıb. Mamayı məhəlləsindəki bulağın üstünə xaç qoyublar. “Şirin su” adlı yeraltı hamam dağıdılsa da, onu bərpa etmək mümkündür. Gələcəkdə bu istiqamətdə işlərimiz çoxdur”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şuşa   Abidə   Məzar  





Xəbər lenti