Azərbaycanda vəhşi heyvanların sayı artıb

Azərbaycanda vəhşi heyvanların sayı artıb
  28 Yanvar 2021    Oxunub:1002
"Apardığımız müşahidələr, müxtəlif foto və video çəkilişlər göstərir ki, ov mövsümünün bağlı olduğu dövrdə vəhşi heyvan və quşların sayı Azərbaycanda əhəmiyyətli dərəcədə artıb".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova bildirib. O qeyd edib ki, bu artıma iki aspektdən yanaşmaq lazımdır.

“Birincisi, ova qoyulan qadağalar heyvan və quşların populyasiyasına müsbət təsir göstərir. Yəni ki, daha az heyvan vurulur, heyvanlar odlu silahın səsindən yaşadığı arealları tərk etmir. İkinci vacib məsələ isə aparılan mühafizə tədbirləridir. Bu sahədə kifayət qədər ciddi nəzarət tədbirləri həyata keçirildiyindən, mühafizə düzgün qurulduğundan bir çox növlərin artımı müşahidə olunur”.

İctimai Şuranın sədri qeyd edib ki, bütün görülən işlərə paralel olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də bu sahədə yüksək göstəricilərin əldə olunmasına böyük təkan verib:

“Buna Şərqi Qafqaz Turunu (Dağıstan turu) nümunə göstərmək olar. Bu növ əsasən Qafqazda yaşayır, qonşu ölkələrdə sayı az miqdarda qalıb. Amma Azərbaycanda bu növün sayı artmaqdadır. Bunu son günlərdə Oğuz, Qəbələ, Şəki və Qusar regionlarında Dağıstan turununun çəkilmiş foto-video görüntüləri və aparılan sayğılar deməyə əsas verir”.

M.Şükürova vurğulayıb ki, bu artım ölkəmizdə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə aparılan nəzarət, mühafizə və maarifləndirmə tədbirlərinin nəticəsidir.

Azvision.az



Teqlər:





Xəbər lenti