Prezidentin yaratdığı Komissiyanın iclası keçirildi
Komissiya sədri Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı irəli sürülmüş vəzifələrin icrası məqsədilə ölkəmizdə külək enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsi üçün “ACWA Power” şirkəti ilə müvafiq qurumlar arasında imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, komissiya üzvləri tərəfindən torpaqların istifadəsi və imzalanmış müqavilələrlə əlaqədar müvafiq qanunvericilik aktlarına dəyişiklik, investisiya təşviqi sənədi, imzalanmış müqavilələr üzrə öhdəliklərə dair müvafiq tədbirlərin həyata keçirilməsi, lisenziya və icazələrin alınması, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər və həyata keçiriləcək növbəti addımlar barədə məlumat verilib.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə qoyuluş gücü 230 meqavat olan günəş elektrik stansiyası pilot layihəsi üzrə danışıqların gedişi barədə məlumat verilib, müvafiq layihə sənədləri üzrə müzakirələrin son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak ediblər.
Azvision.az
Teqlər: Energetika Nazirlik