Uşaq nikahlarının sayı 10 dəfədən çox azalıb

 Uşaq nikahlarının sayı 10 dəfədən çox azalıb
  30 Yanvar 2021    Oxunub:3914
Azərbaycanda uşaq nikahlarının sayı 2012-2013-cü illərdə 3500-4000 civarında idisə, son illər bu rəqəm 300-350 fakta düşüb. Uşaq nikahlarının sayı 10 dəfədən çox azalıb.
Bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, uşaqları nikaha məcbur etmə halları və selektiv abortlarla mübarizəni gücləndirmək üçün Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

“Uşaq hüquqları haqqında” yeni qanun təsdiqləndi
“Keçən il Dövlət Komitəsinə daxil olan müraciətlər arasında ən çox problemli məsələlələr məhkəmə qərarlarının icra edilməməsi və alimnetlərin ödənilməməsi olub. Bu müraciətlər 25-30 faiz təşkil edib. Alimnetlərinin ödənilməməsi, məişət zorakılığı, məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı problemli müraciətlər ümüumilikdə 50 faiz civarındadır. Məişət zorakılığı sırasında uşaq nikahlarına məcbur etmə halları çox azdır. İl ərzində 3-4 müraciət olur ki, bunlardan 1-i təsdiqini tapır və cinayət işi açılır. Bu sahədə Azərbaycan müsbət təcrübəsini İordaniya, Mərakeş, Türkiyə ilə bölüşür. Bu yaxınlarda Özbəkistanla ikitərəfli müqavilənin bağlanması gözlənilir”.

E.Səfərov qeyd edib ki, 2019 və 2020-ci illərdə uşaq nikahına məcburetmə ilə bağlı 1 cinayət işi açılıb.

“Uşaq nikahlarına məcburetmə halları ilə bağlı müraciətlər daxil olanda araşdırma aparılır. Burada məişət zorakılığı, təhsildən yayınma və başqa səbəblər də olur. Keçən il Aran zonasında belə bir fakt olub və bununla bağlı preventiv tədbirlər həyata keçirilib. Ehtiyacı olan halda həmin ailənin üzvlərinə psixoloji dəstək göstərilir, qanunvericilik normaları başa salınır”.

Komitə rəsmisinin sözlərinə görə, koronavirus pandemiyası səbəbilə məişət zorakılığı zəminində ailələrə sosial-psixoloji və hüquqi yardımlar göstərilib. Belə ki, ötən il həssas kateqroiyada olan 381 ailəyə yardım edilib. Bu istiqamətdə işlər davam edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Nikah   Məcburetmə  






Xəbər lenti