Birgə Mərkəz regional sabitliyin qarantı olacaq - ŞƏRH

 Birgə Mərkəz regional sabitliyin qarantı olacaq -  ŞƏRH
  30 Yanvar 2021    Oxunub:7567
Bu gün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi olub. Mərkəzin açılışını Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ediblər.
Yeni salınan Monitorinq Mərkəzinin sahəsi 4 hektara yaxındır və ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları inşa olunub. Burada Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu (ümumilikdə 120 nəfər) xidmət göstərəcək.

Ağdamda fəaliyyətə başlayan mərkəzdə Türkiyəni təmsil edən şəxsi heyətə general-mayor Abdullah Katırcı, Rusiya şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək. Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.



Monitorinq Mərkəzinin fəaliyyətə başlaması region üçün mühüm əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, 30 illik Qarabağ münaqişəsi 44 günlük Vətən Müharibəsilə həll edilsə də, postmüharibə dövründə bölgədə vəziyyəti daimi nəzarətdə saxlayacaq xüsusi mərkəzə ehtiyac yaranmışdı. Bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edildi. Ermənistanın məğlub duruma düşərək imza atdığı kapitulyasiya sənədində bu haqda xüsusi qeydlər yer almışdı.

Belə ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatın 5-ci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulmuşdu. Nəticədə sözügedən sənəd əsasında region üçün vacib olan birgə mərkəzin qurulmasına nail olundu.

Mərzili kəndi yaxınlığında qurulan Mərkəzdən gözləntilər çoxdur. Adından göründüyü kimi birgə monitorinq mərkəzinin əsas hədəfi müharibədən yenicə çıxmış regiondakı vəziyyəti nəzarətdə saxlamaq olacaq. Qardaş Türkiyənin aktiv iştirakı ilə ərsəyə gəlmiş Birgə Mərkəz Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsinin, mümkün insidentlərin qarşısının alınmasının, həmçinin araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmi rolunu oynayacaq.

Əslində Türkiyənin Azərbaycanın işğaldan azad edilən ərazilərində gələcəkdə baş verə biləcək istənilən insidentin araşdırılması və ümumilikdə nəzarət proseslərinə cəlb edilməsi gözlənilən idi.

Prezident İlham Əliyev hələ 10 noyabr bəyanatının imzalanmasından dərhal sonra xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada münaqişənin həlli və atəşkəsə nəzarət işində aktiv rol oynayacaq:

“Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır”.

Prezidentin qətiyyətli mövqeyi, Azərbaycan-Türkiyə tərəfdaşlığı yeni geosiyasi reallıq yaratdı



Müharibə zamanı, eləcə də sonrakı dönəmdə qardaş ölkənin Azərbaycana diplomatik-siyasi dəstəyi danılmazdır. Qarabağa dair proseslərdə Türkiyə ilə birgə addımlamaq, onun dəstəyini hiss etmək ölkəmiz üçün yalnız müsbət nəticələr vəd edir.

Xüsusilə vurğulayaq ki, Ağdamdakı mərkəzdə türk hərbçilərin aktiv şəkildə təmsil olunması ideyası Azərbaycan tərəfindən irəli sürülmüşdü. Mərkəzin belə formatda fəaliyyətə başlaması Azərbaycan rəhbərliyinin siyasi iradəsinin və 10 noyabr bəyanatının müddəalarının gerçəkləşməsindən irəli gəlir.



Hər zaman müdrik davranış və siyasi gedişləri ilə fərqlənən Azərbaycan Prezidenti əvvəldən düşünülmüş addımlarla postmüharibə dövründə də Türkiyə amilinin öndə tutulacağının mesajını vermişdi. Bu gün qardaş ölkə hərbçilərinin regionda olmasını ölkə başçısının qətiyyətli davranışlarının nəticəsi hesab edə bilərik. Prezident üçtərəfli bəyanatın razılaşdırılmasında prinsipial mövqe sərgilədi. Belə olmasaydı, çox güman ki, indi Türkiyə məlum proseslərdən bir qədər kənar qalmışdı, bəyanatda hazırda reallaşdırılmış sözügedən bənd isə ümumiyyətlə fərqli formatda razılaşdırılardı.

Əminliklə deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərimizdə Birgə Monitorinq Mərkəzinin qısa zaman kəsiyində işə başlaması Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, habelə Azərbaycan- Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür.

Artıq bölgədə yeni geosiyasi reallıqlar yaranıb, 44 günlük müharibədən sonra regiondakı siyasi maraqlar və durum xeyli dəyişib. Bu baxımdan qardaş ölkə təmsilçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamasını həm də yeni geosiyasi reallığın uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Bu reallığı Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaradıb. Günü-gündən güclənən bu tərəfdaşlıq regionda yalnız təhlükəsizliyin deyil, sülhün də təminatına zəmin yaradır. İki qardaş ölkənin postmüharibə dövründə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir.

Birgə Mərkəz regionda geniş əməkdaşlıq üçün yeni imkanlar açır



Diqqətçəkən məqamlardan biri Türkiyə hərbçilərinin rus həmkarları ilə birgə fəaliyyətidir. Əllbəttə, bu təsadüfi. Ölkə başçısı 10 noyabrda xalqa müraciəti zamanı bildirmişdi ki, Türkiyə ilə Rusiyanın müharibə dövründə göstərdiyi birgə səylər təqdir olunmalıdır:

“Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər”.

Hazırkı reallıq fonunda qeyd edə bilərik ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələrin ən yüksək səviyyədə olmasını göstərən faktlardan biri də hər iki ölkənin hərbçilərinin monitorinq mərkəzində birgə fəaliyyətə başlamasıdır. Proseslərdə Rusiya və Türkiyənin birgə iştirakı olduqca pozitiv presedentdir və gələcəkdə regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar vəd edir.

Birgə mərkəzin yaradılması və aktiv fəaliyyətə başlaması həm də Azərbaycan Prezidentinin irəli sürdüyü 3+3 formatının reallaşması istiqamətində növbəti uğurlu addımdır. Prezident İlham Əliyevin çıxışlarında dediyi kimi, qonşu ölkələr regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Bu isə Cənubi Qafqazın liderinə çevrilən Azərbaycanın regional və geosiyasi mövqeyini xeyli möhkəmləndirəcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Birgə-Mərkəz  






Xəbər lenti