"Monitorinq Mərkəzinin önəmi böyükdür" - Hulusi Akarın müavini

   "Monitorinq Mərkəzinin önəmi böyükdür" -    Hulusi Akarın müavini
  30 Yanvar 2021    Oxunub:3170
Regionda sülh və sabitlik Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin səyləri və qətiyyətli iradələri ilə təmin edilib. Son illərdə davam edən qlobal və regional proseslər Rusiya ilə əməkdaşlığımızla yanaşı, regional məsələlərin həllində dialoqun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub.
Azvision.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında çıxış edərkən söyləyib.

Türkiyənin həm ikitərəfli, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə nümayiş etdirdiyi həmrəyliyin Qafqazda sülh, sabitlik və inkişafın təmini üçün əhəmiyyətini vurğulayan Yunus Emre Karaosmanoğlu deyib: “Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin önəmi böyükdür. Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Gələcəkdə bu əməkdaşlığın davam etməsinin faydalı olacağını düşünürəm”.

O qeyd edib ki, Türkiyə və Rusiya əsgərləri birlikdə fəaliyyət göstərərək regionda sülh və sabitliyin təmin edilməsi missiyasını yerinə yetirəcəklər. Mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək istiqamətində fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: Türkiyə   MN   General  






Xəbər lenti