“Monitorinq Mərkəzi regionun sabitliyi üçün böyük perspektivlər açır”- Hərbi ekspert

 “Monitorinq Mərkəzi regionun sabitliyi üçün böyük perspektivlər açır”-   Hərbi ekspert
  01 Fevral 2021    Oxunub:4858
Ağdamın işğaldan azad olunmuş ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılması ekspertlər tərəfindən müsbət qiymətləndirilir.
Politoloqlar Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının region üçün mühüm siyasi əhəmiyyətə malik olduğunu deyir, hərbi ekspertlər isə bu vacib nüansın hələ ötən ilin noyabr ayında imzalanan bəyanata salınmasını uğurlu addım kimi qiymətləndirirlər.

Birgə Mərkəzin işini Azvision.az -a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ağdamın Mərzili kəndi yaxınlığında qurulan mərkəz sülhməramlıların fəaliyyətinin nizamlanması və onların funksiyalarının daha effektiv şəkildə yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir:

“Qarabağ ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə birbaşa nəzarət edəcək Monitorinq Mərkəzinin özü də qərargah tərəfindən idarə ediləcək. Həmin qərargaha Rusiya və Türkiyə tərəfindən eyni sayda hərbçi qatılacaq. Mərkəz Rusiya və Türkiyə hərbçilərinin regiondakı gələcək əməkdaşlığı üçün müəyyən imkanlar yarada bilər. Ümumilikdə isə Monitorinq Mərkəzindən gözləntilər çoxdur və sözügedən ölkələrin Azərbaycan ərazisində yarandılan hərbi mərkəzdə birgə fəaliyyət göstərməsi regionun gələcək inkişafı, sabitliyi üçün də böyük perspektivlər açır. Çünki həm Rusiya, həm Azərbaycan və Türkiyənin, həm də Ermənistanla yanaşı, İran və Gürcüstanın birgə əməkdaşlıqla inkişafı məhz regionda sabitliyin və sülhün bərqərar olmasından keçir”.

Xatırladaq ki, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da fəaliyyətə başlayıb. Mərkəzin açılışını Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ediblər. Yeni salınan Monitorinq Mərkəzinin sahəsi 4 hektara yaxındır və ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları inşa olunub. Burada Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu (ümumilikdə 120 nəfər) xidmət göstərəcək.

Mərkəzdə Türkiyəni təmsil edən şəxsi heyətə general-mayor Abdullah Katırcı, Rusiya şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edəcək. Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Monitorinq-Mərkəzi   Region   Ekspert  






Xəbər lenti