Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində danışıb.
Azərbaycanın, eyni zamanda, beynəlxalq müstəvidə zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi”.
BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışını xatırladan Prezident deyib: “Mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”.
Azvision.az