Ulu Öndərin inkişaf fəlsəfəsinin zəfərə aparan yolu |
İlk dəfə dünya liderləri 2019-cu ildə Osakada keçirilən G20 Sammitində “ağıllı şəhər” anlayışını ciddi müzakirə ediblər. Həmin müzakirədə belə məkanların qurulması ilə bağlı çalışan mövcud müəssisə-təşkilatları birləşdirəcək zəruri qlobal çərçivənin müəyyənləşməsi üçün ittifaqın yaradıldığı da elan edilib.
Müasir dünyada ağıllı-şəhərlərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Həmçinin şəhərləri daha davamlı, əhatəli və təhlükəsiz hala gətirmək BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olaraq müəyyənləşib.
Ümumiyyətlə “smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq və təşviq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmək lazımdır.
“Ağıllı şəhər” həllərini tətbiq etməklə təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühitin keyfiyyəti, sosial əlaqə və vətəndaş iştirakı, iş yerləri və yaşayış xərci kimi müxtəlif həyat keyfiyyət göstəricilərinə təsir edə bilərik. “Ağıllı şəhər” texnologiyaları, vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa edilən ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirə və həmin regionu texnoinvestorlar üçün maraqlı edə bilər.
İşğaldan azad edilmiş regionda “smart-city” layihələrinin tətbiqi həmin regionu bu günün tələbi olan innovativ, texnologiya əsaslı investisiyaların axınını sürətləndirməklə, eyni zamanda, növbəti mərhələdə Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılması üçün fundamental əsas rolunu oynaya bilər. Postkonflikt ərazilərində ən vacib məsələlərdən biri olan - ictimai təhlükəsizliyi artırmaq üçün “ağıllı-şəhər” həllərini - ərazidə potensial qaynar nöqtələrin müəyyənləşdirilməsi və cinayətlərin baş verməsinin qarşısını almaq üçün real vaxtda cinayəti xəritələşdirmə, silah səslərinin aşkarlanması və proqnozlaşdırıcı polis vasitələrini tətbiq etmək olar. Bu məsələləri “Azərspace” peykinin təklif etdiyi xidmətlərdən istifadə etməklə reallaşdırmaq mümkündür.
Prezidentin xüsusi qeyd etdiyi kimi işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının nəzərdə tutulduğunu bildirən analitik deyib: “Həmin ərazilərdə ağıllı şəhər həllərinin – elektrik istehlakının izlənməsi, ağıllı işıqlandırma, sensor küçə işıqları və sensor işıqforlar kimi texnologiyaların tətbiqi bir tərəfdən istixana qazı tullantılarının, digər tərəfdən elektrik və istilik sərfini əhəmiyyətli azalda bilər. İnformasiya texnologiyalarının köməyi ilə Qarabağda enerji paylanmasını yaxşılaşdırmaq, tullantıların yığımını asanlaşdırmaq, nəqliyyat sıxlığını azaltmaq və hətta hava keyfiyyətini yaxşılaşdırmaq olar. Məsələn, həmin ərazilərdə avtomatik olaraq tullantıların idarə olunması şirkətlərinə məlumat göndərən və lazım olduqda götürülməsini əvvəlcədən planlaşdırılan qrafikə malik ağıllı zibil qutularının qoyulması həmin regionu Azərbaycanın tullantısız, təkrar emal mərkəzinə çevirə bilər.
O qeyd edib ki, bütövlükdə ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olan su ehtiyatlarına qənaət edilməsi aspektindən işğaldan azad olunmuş ərazilərdə yaradılacaq “ağıllı şəhər” konsepsiya əsasında su istehlakının azaldılmasında mühüm rol oynayacaq. Ağıllı suvarma sistemləri, su sızıntısı, su keyfiyyəti və istehlakının izlənməsi kimi tətbiqetmələr bir gündə adam başına su istehlakını 25-80 litr arasında saxlaya bilər.
Bulud əsaslı informasiya texnologiyaları tətbiqetmələri təkcə insan həyatını deyil, həmçinin əraziidarəetməsini də asanlaşdıra bilər. Yerli dövlət idarəetmə orqanları, bələdiyyələr, özəl müəssisələr və vətəndaşlar öz həyat keyfiyyətini artıran daha yaxşı qərarlar vermək üçün məlumatları bu elektron tətbiqlər vasitəsilə real vaxtda qəbul, təhlil və idarə edə bilər. “Ağıllı şəhər” həllərini ən çox tətbiq edən 5 şəhər Sinqapur, London, Amsterdam, Honq-Konq, Nyu-York həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli “ağıllı şəhər” texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər. Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşa şəhərinin “ağıllı şəhər” konsepsiyası çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn Şuşada interaktiv məlumatverici lövhələr quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intellektual nəqliyyat sistemi, “yaşıl enerji” istehsalının tətbiq olunması ilə ekoloji daha təmiz turizm məkanlarının mümkünlüyü həmin regiona xarici turist axınına şərait yaradacaq.
“Ağıllı şəhər”lə bərabər post-konflikt ərazilərdə “ağıllı kənd” layihəsinin də həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən G.Quliyeva bildirib ki, beynəlxalq təcrübədə “smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. Ağıllı kənd texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” texnologiyalarını tətbiq etməklə “azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin “smart-village” texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. “Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər.
Azvision.az