Tarixə qısa nəzər salsaq görərik ki, 90-cı illərdə müstəqillik əldə edən Azərbaycanda gənclər siyasəti məhz Ümummilli lideri Heydər Əliyevin zamanında prioritet məsələyə çevrilib. Uğurlu gənclər siyasətinin təməlini qoyan Ulu Öndər Heydər Əliyev bu istiqamətdə bütün dünyaya nümunə olacaq addımlar atıb, zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Sosial, iqtisadi və digər problemlərin həllinə yönələn qərarların qəbul olunması gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Artıq zaman dəyişib, həmin tarixi dövrdən xeyli vaxt keçib və gənclərə verilən ali dəyər isə, dəyişməz olaraq qalır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan əlverişli şərait bu sahəyə böyük diqqətin nəticəsidir.
Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsil almasına geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Gənclik hər zaman diqqət mərkəzindədir
Azərbaycanın gənclər siyasətində yalnız intellektual nəslin formalaşması deyil, həm də sağlam gəncliyin yetişdirilməsi əsas meyar sayılır. Məhz bu səbəbdən idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan artıq bu illər ərzində dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi onların yeni uğurlarında mühüm rol oynayır.
Gənclərimizin idman sahəsində daha yüksək zirvələri fəth etməsindən söz açarkən beynəlxalq yarışlarda qazanılan nailiyyətlərimizin ildən-ilə artmasını qeyd edə bilərik. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq, bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Həmçinin, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarında ikinci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, iki il əvvəl şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları, Teymur Rəcəbovun ötən il Dünya Kubokunun qalibi olması, yeniyetmə şahmatçımız Aydın Süleymanlının 14 yaşlılar arasında dünya çempionu adını qazanması və digər nailiyyətlər Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurlardan bəziləridir.
Bildiyimiz kimi, dövlət başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən il təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşadıb.
Vətən müharibəsinin qəhrəmanları
Gənclərimiz üçün həlledici sınaqlardan sayılan 44 günlük Vətən müharibəsi ötən il xalqımızın yaddaşında dərin izlər buraxdı. Gənclərimiz Vətən müharibəsində misli görünməmiş qəhrəmanlıq və fədakarlıq göstərərək, canları və qanları bahasına əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsində və tarixi ədalətin bərqərar olunmasında böyük pay sahibi oldular. Təsadüfi deyil ki, həmin dövrdə peşəkar ordu sıralarında xeyli sayda könüllü gənc təmsil olundu. Onların 30 ilə yaxın həsrətində olduğumuz tarixi torpaqların azad olunmasında misilsiz xidmətləri oldu.
Bir məqamı qeyd edək ki, 2003-cü ildə 10-15 yaşı olanların bu gün 27-32 yaşı var. Həmin gənclər ordusunun vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. 17 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir, bu illər ərzində Azərbaycanda yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər. Düzdür, bütün nəsillərdən olan vətəndaşların Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Bu, danılmaz faktdır ki, Qarabağı azad etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər.
Azərbaycanda gənclərə verilən ali dəyərin daha bir nümunəsi onların son illərdə dövlət strukturlarında mühüm vəzifələrə təyinatlarının artmasıdır. Bütün bunlar Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.
Onu da xatırladaq ki, ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezidentin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Hazırda ümumilikdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin nümunəsidir.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan gəncliyinin potensialından, könüllülük fəaliyyətindən söz açmışkən qeyd edək ki, könüllülər ordusu hələ 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında öz sözünü deməyi bacarmışdı. Məhz bu beynəlxalq tədbirlər nəticəsində könüllülük daha böyük vüsət aldı. Həmin könüllülər ordusunun bir qismi Vətən müharibəsində yenidən könüllü döyüşçü kimi Azərbaycan gəncliyinin başını uca tutdu!
Gənclərimiz koronavirus pandemiyasına qarşı mübarizədə də fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkənin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.
Artıq Azərbaycan gəncliyi Gənclər Gününü bu il fərqli ab-havada, fərqli ovqatda qeyd edir. Gənclərimiz qalib əsgər, tarix yazan ordunun qəhrəman övladları kimi 2 Fevralı qeyd edirlər. Bundan sonra gənclərimizin qarşısına qoyulan əsas məqsədlərdən biri işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərində hər mənada aktiv şəkildə iştirak etməkdir. Çünki yaxın gələcəkdə bu torpaqlarda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir.
Bir daha Gənclər Günü münasibətilə bütün gənclərimizi təbrik edir, Vətən müharibəsində ölkəmizin ərazi bütovlüyü uğrunda canlarından keçmiş gənclərin, ümumilikdə şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik!
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


