Vaksinasiya iqtisadi artıma təsir edəcək - ŞƏRH

 Vaksinasiya iqtisadi artıma təsir edəcək  -  ŞƏRH
  02 Fevral 2021    Oxunub:3988
Dünya Bankı COVID-19 peyvəndinin geniş tətbiq olunacağı şərtlərində 2021-ci ildə dünyada iqtisadi artımın 4 faiz olacağını proqnozlaşdırır. Qurum yanvar ayında açıqladığı “Qlobal İqtisadi Perspektivlər” hesabatında bu artımın yalnız ölkələrin pandemiyanı ram etdiyi və sərmayələri artıran iqtisadi islahatlar aparacağı təqdirdə mümkünlüyünü bildirir.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva vaksinasiyanın iqtisadiyyata təsirini şərh edərkən deyib.

O bildirib ki, ən yaxın tarix üçün siyasi-iqtisadi prioritetlər Covid-19 pandemiyasının yayılmasına nəzarət etmək və peyvəndləşmənin sürətli və geniş yayılmasını təmin etməkdən ibarətdir. İqtisadi bərpanı dəstəkləmək üçün səlahiyyətli hakimiyyət orqanları dövlət borcundan daha az asılı olan davamlı inkişafa yönələn yenidən investisiyalaşmanı asanlaşdırmalıdır.

"Bütün proqnozların risk göstəriciləri olduğu kimi, dünya iqtisadi artımı üçün ən böyük risk infeksiyanın yayılmasının davam etməsi və peyvəndləşmənin yubanması şərtində 2021-ci ildə qlobal iqtisadi genişlənmə 1,6 faiz həddində qala bilər. Ən müsbət ssenaridə - pandemiya üzərində müvəffəqiyyətli nəzarət və daha sürətli vaksinasiya prosesi ilə iqtisadi artım 5 faizi üstələyə bilər. Pandemiya dövründə sürətlə azalmış iqtisadi artımın bərpasının əsas mənbəyi vaksinasiya ilə paralel artan qlobal və regional konseptdə iqtisadi inam, istehlak və ticarət olacaq.

Beləliklə, müxtəlif beynəlxalq qurumların və beyin mərkəzlərinin 2021-ci il üçün makroiqtisadi ssenarilərində iqtisadi bərpanı təmin edən əsas faktor vaksinasiya prosesi müəyyənləşib. İqtisadi bərpaya ən böyük risk isə pandemiyanın daha çox yayılması və gecikdirilən vaksinasiya prosesindən yaranan iqtisadi zəiflik və zəif bank sistemlərinin yarada biləcəyi maliyyə böhranı təhlükəsidir".



G.Quliyeva bildirib ki, lakin vaksinləşmə prosesi özü müəyyən baryerlərə-məhdudiyyətlərə malikdir. Bu baryerlər təklif və tələb mənşəli ola bilər.

"Tələb mənşəli baryerlərə ölkələr arasındakı peyvəndləri qəbul etməklə bağlı fikir ayrılıqları səbəb ola bilər. Digər tərəfdən, vaksinə olan tələb əhalinin peyvənd olunma istəyindən asılı olaraq müəyyən edilir. Azərbaycanda da vaksinasiya prosesinin bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi könüllülük prinsipi əsasında həyata keçirilməsini nəzərə alsaq, bu tələbin dəqiq müəyyənləşdirilməsi çox çətindir. Bu gün davranış iqtisadiyyatının da əsas tədqiqat məsələlərindən biri insanların qərar vermə prosesinə təsir edən faktorları araşdırmaqdır.

Məsələn, vaksinasiya prosesində insanların qərarları dayanıqlı olmamaqla bərabər, dünyada baş verən proseslərə həssas olmaqla bərabər, əhalinin hakimiyyətə, səhiyyə sisteminə və pandemiya ilə mübarizə metodlarına inamla əlaqəli ola bilər.

“GALLUP İnternational” təşkilatının Azərbaycanda apardığı sorğunun nəticələrinə əsasən vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Bu onu deməyə əsas verir ki Azərbaycan bir çox ölkələr üçün dövlət-vətəndaş birliyinin nəticəsində formalaşan sürətli və effektiv vaksinasiya modeli rolunu oynaya bilər. Digər tərəfdən vaksinasiya yolunda təklif mənşəli baryerlərə vaksinlərin tədarükü və paylanmasında olan məhdudiyyətlər, dərman şirkətlərinin maksimum istehsal potensialı, preparatların saxlanması və logistikası ilə bağlı yaranan problemlər aiddir.

Bütün bu qlobal proqnozların verildiyi dövrdə dünya iqtisadiyyatı pandemiya qədər qorxulu bir vəziyyətlə üzləşib. Qlobal müzəkirələrə vaksinasiya milliləşdirilməsi və vaksin müharibəsi kimi yeni anlayışlar daxil olub.

Hazırda Covid-19 əleyhinə vaksin istehsalı ilə məşğul olan əsas 5 istehsalçı Pfizer/BioNTech (ABŞ-Almaniya), Moderna (ABŞ), AstraZeneca/Oxford (Böyük Britaniya), CoronaVac-Sinovac (Çin), Sputnik V (Rusiya) müəssisə var. Lakin bu 5 istehsalçının ümumi vaksin tədarük gücü hal-hazırda vaksinə ehtiyacı olan bütün dünya əhalisini təmin edə bilməz.

Bunların arasında ən böyük istehsalçılardan olan Sinovac şirkəti Çində 18 ən böyük dərman istehsalçı şirkətlərinin gücünü birləşdirməklə 2021-ci ilin sonuna istehsalını yalnız 2 milyard dozaya çatdırmağı planlaşdırır. Hər bir insana bu vaksinin 2 doz vurulduğunu nəzərə alsaq bu cəmi 1 milyard insanın vaksinləşməsini təmin edə bilər. Həmçinin nəzərə alaq bu yalnız dərman şirkətinin proqnozudur və reallaşmaya bilər. Beynəlxal Valyuta Fondunun da Covid-19 peyvəndlərinin paylanmasından asılı olaraq iqtisadinin bərpa qeyri-bərabər olacağını xəbərdarlıq edib. Bununla bağlı hazırda vaksin alınması uğrunda böyük mübarizə gedir. Maraqlı məsələlərdən biri də bu mübarizənin əsasən zəngin ölkələr arasında getməsidir. Məsələn, İngiltərə ilə Avropa İttifaqı arasındakı mübahisələr, 4 il davam edən və bir neçə həftə əvvəl yekunlaşan Brexitdən sonra vaksinin alınması məsələsində daha da kəskinləşib. Belə ki, əsas vaksin istehsalçıları Pfizer-BioNTech və AstraZenecanın tədarüklə bağlı gecikmələr olacağını elan etməsi bu münasibətlərə daha da mənfi təsir göstərib. Hər iki şirkətinin əsas alıcıları olan Böyük Britaniya vətəndaşlarının 13 faizi, Avropa İttifaqı vətəndaşları isə cəmi 2 faizinin artıq peyvənd olunması ölkələr arası vaksin paylanmasında böyük fərqin olduğunun əsas göstəricisidir. Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər, Avropa İttifaqı isə oktyabr ayına qədər təmin edəcəyini proqnozlaşdırır".

G.Quliyeva, həmçinin qeyd edib ki, ötən il dünya ölkələrini ən çox Covid-19 pandemiyası ilə necə mübarizə aparaq sualı maraqlandırırdısa, 2021-ci ilin ən böyük dilemması “vaksinləşmədə ölkə ya planet” seçimidir. Beynəlxalq təşkilatların proqnozlarına görə dünya iqtisadiyyatı Covid-19 pandemiyasını tamamilə nəzarət altına almadığı müddətcə pandemiyanın təsirləri hər il 1,2 trilyon dollar olacaq.

"Ümumdünya Səhiyyə Təşkilatı vaksinləşmədə ədalətli paylanmanı təmin etmək üçün Gavi Vaksin İttifaqı, Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) birlikdə COVAKS təşəbbüsü formalaşdırıb. Azərbaycan da bu təşəbbüsün üzvüdür. Azərbaycan COVAKS təşəbbüsü çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Qeyd edək ki, Bill və Melinda Gates Fondu tərəfindən az gəlirli ölkələrin peyvəndlə təmin edilməsinin dəyəri 25 milyard dollar olaraq qiymətləndirilib. Bu, məbləğ son aylarda COVAKS –a iane edilən 2,4 milyard dollar və ÜST-nin “ACT-Accelerator” sxeminə əlavə olunmuş 5,8 milyard dollarla ziddiyyət təşkil edir.

Zəngin ölkələrin əsasən vaksinlə təmin olunması yəni, vaksinləşmənin milliləşdirilməsi dünya əhalisini böyük risk altına atır, peyvənd məsələlərində yalnız ölkələr arası əməkdaşlıq bəşəriyyəti bu bəladan xilas edə bilər. Və bugün vaksin uğrunda mübarizə aparan zəngin ölkələr üçün əsas prioritet öz ölkələrində bütün insanları vaksinləşdirmək yox bütün ölkələrdə bəzi insanları vaksinləşdirmək olmalıdır.

Yekun olaraq, bu gün vaksin uğrunda mübarizənin təsirlərini “Chatham House”-un qlobal sağlamlıq proqramının direktoru Robert Yatesin “Dünyada elm qalib gəlir, həmrəylik isə iflas edir” fikri ilə ifadə etmək olar. Prezident İlham Əliyevin səsləndirdiyi kimi, dünya ölkələri öz eqoizmlərindən əl çəkmədikcə və vaksinasiya prosesində əməkdaşlıq etmədən qlobal iqtisadiyyatı bərpa etmək mümkün olmayacaq. BVF-nin baş iqtisadçısı Gita Qopinatın yanaşmasına görə qlobal iqtisadiyyatın bərpasında əsas rolu vaksinə tez çıxış, fiskal stimulların və akkomadativ monetar siyasətin davam etməsi oynayacaq. İlk vaksinasiya aparan ölkələrdən olan Azərbaycan bu il də fiskal genişlənməni və yumşaq monetar siyasəti davam etdirməklə milli iqtisadiyyatın bərpasında ən uyğun “resept”i tətbiq edir".

Azvision.az


Teqlər: Vaksin   İqtisadiyyat  





Xəbər lenti