“Peyvənd olunanlar yoluxsa belə, xəstəliyi yüngül keçirəcək” - İnfeksionist
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
“Peyvənd olunanların dediyi yan təsirlərə baxsaq, peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Demək olar ki, insanlar normal təsirləri əlavə və yan təsir kimi qəbul edirlər. Məsələn, peyvənd olunandan 24-48 saat sonra qızdırma, yerli iltihabi reaksiya ola bilər. Bunlar peyvəndə aid normal əlamətləridir. Bu əlamələrin olması vücudun yaxşı cavab verdiyi və yüksək səviyyədə qoruyuculuğun əmələ gəlməsinə işarədir. Şəxsi müşahidələrimə əsasən, xəstəxanamızda aparılan peyvəndləmədə ciddi yan təsirlər aşkarlanmayıb”.
"Britaniya ştammı"nın sürətlə yayılmasına gəlincə, həkim Azərbaycanda yeni mutasiya növünün aşkar edilmədiyini bildirib.
“Yeni mutasiyanın klinik təzahürləri haqqında fikir söyləmək tezdir. Çünki COVID-in gedişatı haqqında qismən olsa da klinik təzahürlər pandemiyanın 6-cı ayından sonra aydın oldu. Buna baxmayaraq, köhnə variantın yeni klinik təzahürləri xəstəlik əlamətləri sırasına əlavə olunur. Yeni mutasiyaların klinik təzahürlərinin necə olacağını indidən demək tezdir. İlk mülahizələr mutasiya olunmuş koronavirus növünün daha sürətlə yayılmasıdır. Xəstəliyin gedişatı, ağırlıq dərəcəsi ilə bağlı fikir irəli sürülməyib. Biz hər zaman ehtiyat tədbirlərini qorumalıyıq. Köhnə və ya yeni virus olmasından asılı olmayaraq, qorunma yolu dəyişməzdir”.
F.Sədirov qeyd edib ki, COVID-19 xəstəliyini keçirən, peyvənd olunan şəxslər onlarda əmələ gələn immunitet sayəsində yeni ştammla təmas, yoluxma olsa belə xəstəliyi yüngül keçirəcək:
“Bizi ən çox narahat edən məsələ ölüm hallarıdır. Yoluxma ölkələr və dünya üçün ciddi problemlər yaradır. Azərbaycanda bu günə qədər koronavirusdan ölüm halı 2 faizi keçməyib. Bu, əslində ciddi göstəricidir. Lakin yüzdə 50 faiz ölüm halı olan xəstəliklərimiz də var. Baxmayaraq ki, 98 faiz xəstələrimiz koronavirusdan sağalır. Xəstəlik bütün dünyanı cənginə alıb. Əmək qabiliyyətinin itməsinə səbəb olur. Bu gün koronavirus xəstələri heç bir əlamət olmasa belə təcrid olunmalı, əmək fəaliyyətini dayandırmalıdır.
Virusun mutasiyasının daha sürətli yoluxmaya səbəb olacağı, lakin ölüm hallarında azalma müşahidə ediləcəyi deyilir. Əgər belə olarsa, nisbətən virusla mübarizə də asanlaşar”.
İnfeksionist qeyd edib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində aparılan tədbirlər effektiv olub:
“Koronavirusla mübarizədə Azərbaycan öncül ölkələr sırasındadır. Biz daha öncə də məktəbləri açdıq və yoluxmada artım müşahidə edildi, qərarlar verildi. İndi məktəblər açılıb. Nəticələr qənaətbəxş olmasa, daha faciəli nəticələrin qarşısını almaq üçün dövlət səviyyəsində təkrar bağlanma ola bilər. Ümid edirəm ki, belə olmayacaq. Əl gigiyenası və sosial məsafəyə əvvəlki ilə müqayisədə ciddi dərəcədə riayət edilir. Əsas problem yumşalma tədbirləri deyil, əsas problem beynlərdəki yumşalmadır. Ehtiyatı əldən verməmək lazımdır, hər zaman ehtiyatlı olmalıyıq. Virus bitəndə tədbirlər də aradan qaldırılacaq”.
F.Sədirov qeyd edib ki, antitelin yaranmasına baxmayaraq, kütlə ilə təmas edən şəxslər risk qrupunda olduqları üçün onların vaksinasiyası prioritet olmalıdır:
“ÜST-ün məlumatlarına əsasən, uşaqlar risk qrupuna aid olmadıqları üçün onların peyvəndlənməsi ilk sıralarda deyil. Risk qrupunda olan kontingentdən sonra mərhələli şəkildə daha az risk qruplarının vaksinasiyası həyata keçiriləcək. Peyvəndlərin qoruyuculuğunun 6-9 ay davam edəcəyi qeyd edilir. Qalıcı immunitet yoxdur. Bir dəfə cavab yaradan bədən bunu yaddaşda saxlayır və anitetlləri düşsə belə, ikinci dəfə virusla qarşılaşanda xəstəliyi yüngül keçirir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Mutasiya Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


