Yanukoviç xalqa müraciət etdi
Onun sözlərinə görə, qanunlar kobud şəkildə pozulub və günahkarlar məhkəmə qarşısında cavab verməlidir. Yanukoviç müxalifət liderlərinə son şans tanıyaraq “Avromeydan”dakı radikallardan uzaqlaşmağa və konflikti sülh yolu ilə həll etməyə çağırıb. Əks halda hakimiyyətin başqa cür danışacağı xəbərdarlığın edib. Ukrayna prezidentinin xalqa müraciəti onun rəsmi saytında yerləşdirilib.
Viktor Yanukoviç güc tərəfdarı olmadığını vurğulayıb.
“Mən həmişə güc tətbiqini səhv yanaşma hesab etmişəm. Ən yaxşı yol ümumi dil tapmaqdır. Müəyyən dialoqlar artıq baş tutmuşdu. İki əfv fərmanı imzalanmışdı. Lakin müxalifət liderləri fevralın 18-də kütləvi iğtişaşlara çağırış etdilər. Ali Radanın işini iflic edərək bütün hakimiyyətin müxalifətə verilməsini tələb etdilər”-deyə müraciətdə deyilir.
Yanukoviç bir daha Ukraynanın xilası naminə danışıqlar təklif edib.
“Mən dəfələrlə demişəm. Tezliklə seçkilərdir. Əgər xalq müxalifətə etibar edəcəksə, hakimiyyətə gələcəksiniz. Əgər etibar etməyəcəklərsə, yox”.
“Biz hakimiyyətə can atanların ambisiyalarına görə, artıq böyük qurbanlar vermişik. Çağırış edirəm ki, özünüzə gəlin. Danışıqlar masasında oturub, Ukraynanı xilas etməliyik”-deyə Yanukoviç müraciətində söyləyib.
Artıq BMT, ATƏT, Avropa Birliyi, NATO və Ağ Ev Ukraynadakı hakimiyyət və müxalifət tərəfdarlarına zorakılığı dayandırmağa çağırış edib.
Ukrayna Səhiyyə Nazirliyi gecəki toqquşmalarda təkcə Kiyevin mərkəzində 11 nəfərin öldürüldüyünü, 114 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yerli “Vesti” qəzetinin əməkdaşı da odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Ukrayna Daxili İşlər Nazirliyi bu arada 7 əməkdaşının öldürüldüyünü, 272 əməkdaşının yaralandığını məlumat verib. Kiyevin mərkəzində Həmkarlar İttifaqlarının Evi isə alovlara bürünüb. 40 nəfər insan yanğından xilas edilib. Əraziyə 20 yanğınsöndürən maşın və 100 nəfərlik şəxsi heyət cəlb olunub. Paralel olaraq Kiyev konservatoriyasında yanğın başlayıb.
Gecə saatlarında yol qaydalarını pozan maşını təqib edən 2 yol polisi əməkdaşı öldürülüb, 1-i isə ağır xəsarətlər alıb.
Vüqar İsmayılov