“Homoseksuallıq gendən gəlir”

 “Homoseksuallıq gendən gəlir”
  19 Fevral 2014    Oxunub:1539
Bunun üçün 400 homoseksual üzərində test keçirilib.
ABŞ-da keçirilən araşdırmalar zamanı insanın homoseksual olmasına onun genlərinin böyük təsir göstərdiyi ortaya çıxıb.

Tədqiqatlar zamanı müəyyən olunub ki, X xromosomundakı Xq28 genetik markeri kişilərin seksual oriyentasiyasına təsir göstərir. Lakin araşdırmaçılar prosesin detallarını tam müəyyən edə bilməyiblər.

London Kral Kollecinin psixoloqu Qazi Rəhman hesab edir ki, insanların seksual oriyentasiyasının 30-40%-ni genetik amillər müəyyən edir. Lakin mexanizmin incəlikləri hələ də müəyyən olunmayıb.

Alimlər ehtimal edirlər ki, kişilərdə homoseksuallığı fəallaşdıran genlər çox güman ki, təkamül prosesindən sonra qadınlara keçib. Bu nəzəriyyə Xq28 makerinə əsasən irəli sürülüb. Belə ki, X xromosomu kişilərə istisnasız olaraq qadınlardan keçir.

1993-cü ildə Amerikanın Milli Xərçəng İnstitutunun alimi Din Hamer 100-dən artıq homoseksual kişini tədqiq edib və homoseksuallığın irsi olaraq keçdiyini müəyyənləşdirmişdi.

Hamer `X` xromosomunu diqqətlə müşahidə edib və qardaşı homoseksual olan 40 kişidən 33-də eyni Xq28 genetik markerinin olduğunu müəyyənləşdirib. Alimin ehtimalına görə, kişinin oriyentasiyasını müəyyən edən əsas genlər X xromosomunun məhz bu hissəsində yerləşir. Hamerin araşdırması böyük səs-küy qoparmışdı.

1999-cu ildə aparılan növbəti tədqiqat Hamerin nəticələrini şübhə altına almışdı. 52 homoseksual qardaşı müşahidə edən Corc Rays əvvəlki araşdırmanın nəticələrini şübhə altına aldı və homoseksuallığı müəyyənləşdirən genin olmadığı qənaətinə gəldi.

Raysın hesabatı “Science” jurnalında nəşr edildikdən sonra Din Hamer araşdırmanı tənqid etdi və öz əvvəlki araşdırmasını müdafiə etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti