Dünyada karantin cəzaları: Ölüm hökmü, həbs, yarım milyon dollar cərimə

Dünyada karantin cəzaları:  Ölüm hökmü, həbs, yarım milyon dollar cərimə
  06 Fevral 2021    Oxunub:11275
Dünyanın müxtəlif ölkələrində koronavirusa yoluxmuş xəstələrin özünütəcrid rejimini pozmasına görə müxtəlif cəza tədbirləri nəzərdə tutulub. Bu cəza tədbirlərinə həm pul cəriməsi, həm də azadlıqdan məhrumetmə daxildir. Əgər xəstənin karantini pozması başqasının ölümünə səbəb olursa, bu zaman cəzalar daha sərt olur.
Azvision.az -ın məlumatına görə, ən sərt cəza tətbiq edən ölkələrdən biri ABŞ-dır. Birləşmiş Ştatlarda özünütəcrid qaydalarını pozmuş və xəstəliyi başqalarına yoluxduran şəxsi 100 min dollar cərimə və ya bir il həbs cəzası gözləyir. Bu cəza pozuntuya yol verənin kiminsə ölümünə səbəb olmadıqda keçərlidir. Ölüm halında cərimə 250 min dollara yüksəlir. Alternativ olaraq bir il həbs cəzası tətbiq edilir.

Hüquqi şəxslər işçilərin özlərini təcridetmə qaydalarına riayət etmədikdə, pozuntu kiminsə ölümünə səbəb olmadıqda 200 min dollar, zərər çəkənlər olduqda isə 500 min dollar cərimə edilirlər.

Bununla yanaşı, bəzi ştatlarda özünütəcridin pozulmasına görə müxtəlif cəzalar təyin edilə bilər. Bəzi yerlərdə karantin qaydalarının pozulması 500 dollara başa gəlir, bəzi ştatlarda 30 günlük həbs cəzası müəyyən edilir.

Sərt cəzalardan biri Litvada tətbiq edilir. Molota vilayətinin (ölkənin şimal-şərqində) koronavirusa yoluxmuş və özünütəcrid rejimini pozan sakinini məhkəmə bir il müddətinə həbs cəzasına məhkum edib. Həmçinin, həmin şəxs 70 saatlıq ictimai işə cəlb olunub.

Belə ki, 30 yaşlı kişinin çalışdığı müəssisədə koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Testinin nəticəsi müsbət olduqdan sonra ona özünü təcridetmə tələbləri barədə məlumat verilib. İki gündən sonra siqaret almaq üçün mağazaya gedən koronavirus xəstəsinin qayda pozuntusuna yol verməsi barədə sakinlər növbətçiyə bildiriblər, o da hüquq-mühafizə orqanlarına müraciət edib. Kişi polisə xəstəliyin əlamətlərini hiss etmədiyini, buna görə mağazaya gedə biləcəyini düşündüyünü söyləyib.

Məhkəməyə qədər istintaqın Litva Cinayət Məcəlləsinin 277-ci maddəsinin 1-ci hissəsi (epidemiya və ya yoluxucu xəstəliklərlə mübarizə qaydalarının pozulması) ilə aparıldığı aydınlaşıb.

Qonşu Rusiyada koronavirusa yoluxmuş və evdə müalicə alan xəstələr özünütəcrid qaydalarını pozduqları halda cərimə ödəyir, yaxud yoluxucu xəstəliklər xəstəxanasına aparılırlar.

Pozuntuya yol verənlər 4 min rubl inzibati cərimə ilə üzləşirlər. Təkrarlanan qayda pozuntusuna görə vətəndaşlar beş min, məmurlar 40-50 min, hüquqi şəxslər 300- 500 min rubl arasında cərimə olunurlar.

Belarusda özünütəcridi pozanlar 530 dollara qədər cərimələnir, hətta həbs cəzası ilə üzləşə bilirlər. Belə qərarı ölkənin Nazirlər Kabineti koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində qəbul edib.

Koronavirusun başlanğıcında ən çox ziyan çəkən ölkələrdən biri olan İtaliyada da ciddi cərimələr tətbiq olunur. İtaliyada ötən il qəbul edilmiş qaydaya əsasən, vətəndaş karantində olmadığını və yoluxmadığı barədə yalan məlumat verdiyi halda, onu 12 ilə qədər həbs cəzası gözləyir.

Bundan əlavə, epidemiyaya ən çox məruz qalan bölgələrin səlahiyyətliləri cəriməni beş min avroya qaldırıblar. Bəzi hallarda qaydaları pozanlar üç aya qədər həbs cəzası ilə üzləşirlər.

Koronavirusun “vətəni” Çində virusa yoluxduğunu bilən və buna baxmayaraq, küçələrdə gəzən vətəndaşlara ölüm cəzası kəsilir.

Fransada karantini pozanlar üçün ilk dəfə 135 avro, təkrar pozulduqda 1500 avro, qaydalardan sistematik şəkildə imtinaya görə altı aya qədər həbs və 3700 avro cərimə nəzərdə tutulub.

Polşada qaydaları pozanlar 6,5 min avro cərimə ödəyirlər. Çexiyada isə karantin qaydalarını pozanlar 100 min avro məbləğində cəzalandırılır.

Norveçdə 1,5 min kron (126 avro) və ya 10 gün həbs;
Avstraliya - 50 min dollar cərimə və ya bir il həbs;
Argentina - 3 ildən 15 ilə qədər həbs və 1,5 min dollar cərimə;
Malta - 14 min avro cərimə;
İsrail - 3 ildən 7 ilə qədər həbs;
Özbəkistan - 8 ilə qədər həbs.


İspaniyada Nazirlər Kabinetinin qərarını pozan şəxslərə minimum 1500 avro cərimə yazılır. Fəlakətli nəticələrə səbəb olacağı təqdirdə təkrarlanan pozuntulara görə cərimə daha yüksəkdir. Sahibkarlar üçün cərimənin ilkin məbləği 600 avrodan başlayır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Karantin   Cərimə  



Xəbər lenti