Gəncədə erməni terrorunun fəsadları aradan qaldırılır

Gəncədə erməni terrorunun fəsadları aradan qaldırılır
  06 Fevral 2021    Oxunub:3062
Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncə şəhərində işçi komissiya işini yekunlaşdırıb. Dəymiş ziyanla bağlı müvafiq aktlar tərtib olunub. Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında podratçı şirkət müəyyən olunaraq Gəncə şəhərinə gəlib. Texnikaların modilizasiyası həyata keçirilib.
Bu barədə Azvision.az -a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bildirib. Onun sözlərinə görə, erməni terroru nəticəsində dağılan yaşayış yerlərinin yenidən inşasına başlanılıb:

“Raket zərbəsi nəticəsində dağılan binada yaşayan zərərçəkmişlərlə bağlı məsələ gündəmdədir. Onların tezliklə yeni evlərlə təmin olunması istiqamətində işlər aparılır. Qismən ziyan dəymiş fərdi yaşayış evlərinin də təmirinə başlanılıb”.

S.Tomuyev dağıdılan evlərin yerində xatirə kompleksinin salınması barədə yaxın vaxtlarda rəsmi məlumatın veriləcəyini qeyd edib.

Gəncədə evdə yanğın: 1 ölü
“Gəncədə erməni terrorunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davamlı həyata keçirilir. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxılır, hər bir məsələ yerində araşdırılır. Zəruri tədbirlərin görülməsi üçün müvafiq işlər həyata keçirilir”, - deyə icra rəsmisi vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri 5 dəfə Ermənistan tərəfindən raket və ağır artilleriya ilə atəşə tutulub. Raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla ümumilikdə 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox mülki vətəndaş yaralanıb. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəncə   Terror  





Xəbər lenti