İrəvan anti-Rusiya kampaniyasına qoşuldu - Ermənilərin növbəti xəyanəti

 İrəvan anti-Rusiya kampaniyasına qoşuldu -  Ermənilərin növbəti xəyanəti
  07 Fevral 2021    Oxunub:28478
Rusiya mətbuatında Ermənistanı ifşa edən məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, yazıda Moskvanın müttəfiq hesab etdiyi Ermənistanın Rusiya əleyhinə kampaniyaya qoşulduğu bəyan edilib və İrəvanın xəyanətkar addımı qınanılıb.

"Dağlıq Qarabağda Ermənistanı total məğlubiyyətdən xilas edən Rusiya müttəfiqinin belə sürətlə, açıq şəkildə anti-Rusiya mövqeyi tutacağını gözləmirdi. 44 günlük Qarabağ müharibəsindəki məğlubiyyətə cavab olaraq İrəvan informasiya müharibəsini təkcə Azərbaycana deyil, indi də Rusiyaya qarşı genişləndirməyə qərar verib", - məlumatda deyilir.

Məqalədə qeyd edilir ki, həm dostluq, həm də yaxşı münasibətin bütün zəmanətləri Ermənistan rəsmilərindən birinin, səfirin açıqlaması ilə aradan qalxıb.

İrəvandan müttəfiqlik öhdəliklərinə zidd açıqlamanın gəlməsi Moskvada məyusluq doğurub. Belə ki, Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayan bu ölkənin "Weekblad Elseveir" nəşrinə verdiyi müsahibədə Qərbin müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini müsbət qiymətləndirib.

O da bildirilir ki, demək olar hər gün İrəvanın özündə baş nazir Nikol Paşinyana qarşı oxşar hadisələr baş verir. Belə bir vaxtda Ermənistanın Navalnı məsələsi ilə niyə “maraqlandığı” sual yaradır.



Artıq Qərbi məmnun etmək istəyi bu ölkənin rəsmilərini anti-Rusiya sanksiyalarını dəstəkləməyə sövq edir. Balayanın əsaslandırmasından belə çıxır ki, "Navalnı sanksiyaları"nın tətbiqi ilə əlaqədar Ermənistan da özü üçün Azərbaycana qarşı “analoji” sanksiyaların tətbini tələb etmək imkanlarını görür.

Rusiya KİV-ləri yazır ki, Tiqran Balayan Qərbdən dəstək almağa çalışan yeganə erməni rəsmisi deyil. Erməni lobbisi də ABŞ və Fransada aktivləşib - İrəvan bu ölkələrin onun revanşist planlarının həyata keçirilməsinə töhfə verə biləcəyinə ümid bəsləyir.

"Ermənistandan fərqli olaraq Azərbaycan Qərbə məhəl qoymadan müstəqil siyasət apara bilən postsovet dövlətinin nadir bir nümunəsidir. Buna misal olaraq Azərbaycanın AŞPA sanksiyalarının ləğvi məsələsində Rusiyanı necə dəstəklədiyini göstərmək kifayətdir. Ermənistan isə siyasi konyukturadan çox asılıdır və ağır iqtisadi vəziyyətə düşüb. Amma faktiki olaraq Rusiya üçün etibarlı müttəfiq sayılmır", - deyə məlumatda deyilir.

Məqalədə, həmçinin tanınmış hərbi ekspert İqor Korotçenkodan sitat gətirilib: “Rusiyanın müttəfiq ölkələrindən birinin səfiri bu cür açıqlamalar verəndə, onu siyasi marginal adlandırmaq olar. Təəssüf ki, bu gün Ermənistanda elita və dövlət qulluqçuları arasında xeyli siyasi marginallar var. Bu müsahibə bütövlükdə millətçiliyin, kobud təbliğatın və siyasi reallığı başa düşməməyin bariz təzahürüdür”.

Qeyd edək ki, artıq Ermənistan mətbuatı da Rusiyadan gələn bu həyəcan dolu xəbərdarlığı ciddiyə almağa başlayıb. Erməni KİV-lərində İrəvanın anti-Rusiya kampaniyalarına qoşulması tənqid edilir, həmçinin guya holland nəşrinin müsahibəni təhrif etdiyi yazılır.



Tural Tağıyev
Azvision.az


Teqlər: Rusiya-mətbuatı   İrəvan   Azərbaycan   Müstəqil-siyasət   Müttəfiq  





Xəbər lenti