Heydər Əliyev Fondu 18 yaşadək şəkərli diabet xəstələrini insulinlə təmin edir
Layihə üzrə şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya, Diabetalogiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, tibb elmləri doktoru Valeh Mirzəzadə bütün xəstələrin onlarda şəkərli diabet olduğunu bilmədiklərini, lakin uşaqlarda olan şəkərli diabetin daha böyük problem olduğunu qeyd edib: “İnsulin kəşf olunmamışdan əvvəl 10 yaşadək uşaqlarda şəkərli diabet tapılırdısa, onlar bir ildən artıq yaşamırdı. Tətbiq olunan pəhriz isə iki il yaşamaq imkanı yaradırdı. İnsulin kəşf olunandan sonra isə uşaqların yaşama ehtimalı artdı. Dünyada 95 il yaşayan bəzi insanların 85 il insulinlə yaşadığı məlum olub. İnsulin insana fəsadsız və uzun yaşamağa kömək edir. Fəsadsız yaşamaq üçün qanda olan qlükozanın idarə edilməsi də vacibdir. Onu da insulinlə idarə etmək mümkündür. Uşaqlarda kəskin insulin çatışmazlığı yarana bilir. Onlarda qanda insulin ya heç olmur, ya da cüzi miqdarda aşkarlanır. Həmin uşaqların insulinlə təminatı vacibdir. Qısamüddətli və uzunmüddətli insulin mövcuddur. Qısamüddətli insulin yeməklər üçün istifadə olunur, uzunmüddətli isə bütün sutka boyu qanda insulinin yetəri səviyyədə olmasına kömək edir. Heydər Əliyev Fondu imkan yaradıb ki, ölkəmizdə şəkərli diabetdən əziyyət çəkən uşaqları ən yeni və ciddi yoxlamadan keçən uzunmüddətli insulinlə təmin olunsunlar. Həmin insulinlər sutka və gecə ərzində hipoqlikemik vəziyyətlərin başvermə ehtimalını azaldır. Qeyd edim ki, qanda qlükozanın miqdarının kəskin düşməsi ölümlə və ağır fəsadlarla nəticələnə bilər. Belə halların baş verməsinin qarşısını almaq üçün uşaqların yeni uzunmüddətli insulinlə təminatına görə Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk”.
Azvision.az
Teqlər: Diabet Xəstəlik İnsulin