Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq

 Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq
  08 Fevral 2021    Oxunub:1852
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Qars müqaviləsinin 100 illiyi Naxçıvan Muxtar Respublikasında qeyd ediləcək. “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.

Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi keçirilib
Sərəncamda bildirilir ki, 2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minib. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər.

Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiy­yətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir.

Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir.

Azvision.az


Teqlər: Naxçıvan   Qars   Müqavilə  





Xəbər lenti