“Liseyi bitirdikdən sonra təhsilini 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildə öz ərizəsiylə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursuna yazılıb və bu kursu birinciliklə bitirib. 2014 və 2017-ci illərdə Gürcüstanda dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə keçib. 2015-ci ildə Türkiyədə xizəkçilik təlimlərinə qatılıb. 2018-ci ildə isə Türkiyədə 25 ölkə arasında keçirilən EFES beynəlxalq yarışında ölkəmizə birincilik gətirib. Erməni, rus, ingilis dillərini bilirdi.

İsmayılgil ailədə 3 uşaq - iki qardaş, bir bacı olublar. Yoldaşım ailənin böyük övladı idi. Hər ikimiz Lahıc kəndindənik. Aprel döyüşlərində nişanlı idik. İsmayıl döyüşdən qayıdandan sonra evləndik. Nurgül adlı 3 yaşında qızımız, Mehdi adlı bir yaşlı oğlumuz var. Onun adını kəşfiyyatçı “Mixaylo”nun şərəfinə qoymuşdu. Deyirdi, əsl kişi adıdır. Qızı Nurgülə çox bağlıydı. Ona qarşı hədsiz sevgisi var idi. Hərdən mənə irad tuturdu ki, qızımızın nazı ilə az oynayırsan. Birinci Nurgülü qucağına alıb öpərdi, sonra oğlumuza yaxın durardı. Uşaq sevən ata idi.

Bu il təlimlər hədsiz çox oldu. Sentyabrın 26-sı da təlim adı ilə getdi. Həmin gün səhər saat 5-də toplanış oldu. Ondan sonra evə qayıdıb bir az uzandı. İkinci dəfə gedəndə artıq uşaqlar yuxudan durmuşdu. Sağollaşanda qızımızı qucaqlayıb bir də öpdü. Oğlumuz onda yeni iməkləyirdi, ona dedi, ananla, bacın sənə əmanətdir. Çox şən, sevincli idi. Gülə-gülə onu yola saldıq. Bu, İsmayılın axrıncı gedişi oldu.
Sentyabrın 27-də bildim ki, artıq müharibə başlayıb. Çox sakit idim. Fikirləşirdim ki, İsmayıl sağ-salamat gələcək və onu həmişəki kimi qarşılayacağam. Hər gün bir dəfə də olsa zəng edirdi, hər şeyin qaydasında olduğunu deyirdi. Buna görə rahat idim. Ancaq qonşuluqda yaşayan xüsusi təyinatlı Kamil Şirinov şəhid olandan sonra çox qorxdum. Fikirləşdim ki, deməli, hər şey ola bilər. İsmayıla zəng edib narahatlığımı və rayona getmək istədiyimi dedim.

Kənddə olanda yoldaşımdan gələn zənglərin sayı azaldı və şəhərciyə gətirilən şəhidlərin sayı artdı. Həmin günlər çox həyəcanlı idim. İsmayıl növbəti dəfə ayın 9-u qardaşına zəng edib yaxşı olduğunu və telefonunu itirdiyini dedi. Oktyabrın 10-u sonuncu mesajında döyüşdə olan qardaşım Dənizlə əlaqə saxladığını və salamat olduqlarını yazıb. Ayın 11-də ondan xəbər çıxmayanda içimdə şübhə yarandı. Həmin gün bizim nişan günümüz idi. Dedim, axı o, həmişə bu günü yadında saxlayırdı. Təlaş, həyəcan içində ora-bura zəng edib İsmayıl haqqında məlumat almaq istəsəm də, heç nə öyrənə bimədim. Səhəri günü kəndə şəhid gətirildiyini dedilər. Anam qardaşıma görə qorxub ağladı. Ona Dənizin salamat olduğunu bildirdilər. Şəhidin İsmayıl olduğunu soruşanda susdular. Artıq hər şey aydın idi, nəşi gətirilən şəhidin yoldaşım olduğunu anladım. Biz onu elə həmin gün saat 3-də dəfn etdik. O cür peşəkar zabit alnından aldığı bir gülləyə qurban getdi”.

İsmayıl Səmədovla birgə vuruşan XTQ döyüşçüsünün (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) xatirəsi:
“İsmayıl kordinator idi. Düşmən bölmələrinin yerlərini tapıb topçu batareyalarına məlumat ötürürdü. Spayk manqasının idarəçiliyi ona tapşırılmışdı. Cəbrayıl döyüşlərində 9 tank vurşdurmuşdu.
Arazboyu hücumlar zamanı taborumuz birgə fəaliyyətə başladı. Cəbrayılda teleqüllənin ətrafındakı strateji yüksəkliyin azad edilməsi ilə bağlı komanda aldıq. Oktyabrın 4-ü gecə saatlarında İsmayıl 25-30 nəfərlik heyətlə hücum edib, yüksəkliyi azad etdi. Orada onun qrupundan 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı. Həmin təpəni götürmək asan şey deyildi. Biz 3 gün yüksəklikdə qaldıq. Ərazini milli ordunun bölməsinə təhvil verdikdən sonra Füzuli-Hadrut istiqamətində hərəkətə başladıq. Növbəti tapşırığımız Hadrutun aşağısında yerləşən Gorazıllı kəndini azad etmək idi. Oktyabrın 7-si gecə kəndə yaxınlaşanda orada bizi düşmənin snayper və 15 nəfərdən artıq qüvvəsi gözləyirdi. İsmayıl öndə gedən qrupun rəhbəri idi. Onun və yoldaşlarının ayıq-sayıqlığı nəticəsində ermənilərin bizi pusquya salmasının qarşısı alındı. Düşmənin 3 snayperi məhv edildi, arxada yerləşən bölməsindən 5 nəfər zərərsizləşdirildi. Digər şəxsi heyəti isə qaçıb getdi. Orada bir zabitimiz qolundan yaralandı, bir nəfər də şəhid verdik. İsmayılgilin ayıqlığı olmasaydı, itkimiz çox ola bilərdi. Biz kəndə yaxınlaşdıq, ancaq giriş əmri verilmədiyi üçün oradan 1 km aralıda yerləşən meşəlik əraziyə getdik. Ayın 10-u günortaya qədər meşədə yerləşməli olduq. Yeməyimiz və suyumuz bitmişdi. Kəşfiyyat bölüyü olduğumuz üçün bizə təminat gəlmirdi. Çox qabaqda idik. Elə olurdu ki, bizim arxamızda düşmən bölmələri milli ordumuzla döyüşürdülər.

İsmayıl hazırlıqlı hərbçi idi. Onun çantasında həmişə yeyiləcək bir şey, su və corab olardı. Gecə yatmışdım, məni yuxudan oyadıb balaca bir snikers şokoladı verdi və dedi, "bunu ye ki, mədəndə nəsə olsun”. Öz yoldaşını o qədər fikirləşən, sədaqətli insan idi. Ayın 10-u səhər saatlarında biz düşmənin ətrafda qalan bir danasını kəsib alaçiy bişirib yedik ki, taqətimiz olsun. Həmin gün bir neçə saat sonra kəndə girəcəkdik.
Beləliklə, komanda veriləndən sonra axtarış qrupları yaradıldı və biz kəndə daxil olduq. Orada iki nəfər 50 yaşdan yuxarı erməni qalmışdı. Onlar kəndin girəcəyində evdə gizlənmişdilər və bizə atəş açmaq üçün uyğun şərait gözləyirdilər. Qumbaraları və avtomatları var idi. İsmayıl onları uzaqdan evləri müşahidə etdiyi zaman görmüşdü. Buna görə də ehtiyatla evə yaxınlaşıb, içinə qumbara ataraq hər iki ermənini məhv etdi. Hər qrup nəzarət etdiyi ərazinin təmizliyi barədə məlumat verdikdən sonra biz kənddə mövqeləndik. Oranı dairəvi olaraq hər tərəfdən müşahidə və mühafizə etdik.

Düşmən bölmələri Füzulidən Hadrut istiqamətində olan maşın yolunda hərəkət edirdi. Tabor komandirinin göstərişi ilə İsmayılın və Sənan adlı yoldaşımızın pusqu qrupları ermənilərin 10-dan çox avtomobil texnikasını və heyətini məhv etdi. Oradan bir nəfər sağ çıxa bilmədi.
Digər bölməmiz isə Füzuli döyüşlərində düşməni sıxışdırmışdı deyə ermənilər artıq Füzulidən Hadruta geri çəkilmək məcburiyyətində qalmışdılar. Onlar bilmirdilər ki, biz Hadrutun yaxınlığındakı kəndə yerləşmişik. Düşmənin gələcəyini bildiyimiz üçün yola minalardan maneələr qurduq. Ayın 11-i saat 2-nin yarısı ermənilər 3 "Kamaz"da 60-dan çox döyüş hazırlıqlı canlı qüvvə və xeyli silahla geri qayıtdılar. Onlara yolu minalamağımızla bağlı məlumat daxil olmuşdu. Ona görə də həmin istiqamətdə deyil, bizim istiqamətimizə, kəndin girəcəyinə dönməli oldular. Düşmənin arxada gələn "Kamaz"ı vuruldu və yanan maşının ora- bura qaçışan şəxsi heyəti bizim tərəfimizdən məhv edildi. Digər iki "Kamaz" isə əvvəl yerləşdiyimiz meşə ərazisinə sıxılmağa məcbur qaldı. Fikirləşirdilər ki, oradan çıxış yolu tapacaqlar, ancaq kəndi blokadaya almışdıq, mühasirədən çıxmaq şansları yox idi. İsmayıla və qrup komandirinin müavini Bəxtiyar İslamova hərəkətə keçməyimizlə bağlı işarə verdim. Onlar sağdan, biz mərkəzdən, digər qrup isə meşənin girəcəyindən hücuma keçdi. Qrupumuz çox yaxına getdi. Düşməni sıxışdırdıq. Həmin vaxt mən və digər döyüş yoldaşım yaralandıq. İki sanitarımız şəhid oldu. İsmayılgil meşənin içində mövqelənmişdilər. Biz vurulduqdan sonra İsmayılın olduğu qrup düşmənə əks-hücum həmləsi etdilər. Atışma zamanı kor bir gülə gəlib onun alın nahiyəsinə dəyib. Köməkçi yoldaşı Əmrah da şəhid olub.

Ayağımdan snayper gülləsi ilə yaralanmışdım, yeriyə bilmirdim. Sanitar maşınımız bir az arxada idi, yaxınlaşan kimi vururdular. Məni atın üstünə qoyub aparırdılar. Orada dedilər ki, İsmayıl yaralanıb və onu xərəkdə gətirirlər. Sevindim ki, yaralansa da sağdır. Ancaq o, yolun yarısına çatanda, vurulandan yarım saat sonra şəhid olub. Bu xəbəri eşidəndə elə bildim ki, qardaşımı itirdim. Öz ağrılarım yadımdan çıxdı, çox pis oldum. İsmayıl artilleriyanın gözü idi”.
Bəsti Səmədova: ”Ən çox şəhid verən İsmayılgilin qrupu oldu. Onun bir səs yazısı var, ratsiya ilə komandirinə deyir ki, ən qabaqda mənəm. Çox cəsarətli, böyük ürəkli insan idi. Döyüşlərin ilk günü səsi tutulmuşdu, xırıltı ilə danışırdı. Döyüş zamanı çığıra-çığıra danışdığından səs telləri zədələnmişdi. Qayıdacağına çox inanırdım. Hər dəfə telefonda danışanda məni o qədər arxayın edirdi ki. Birgə arzularımız var idi. Deyirdi ki, qızımız gimnast olsun. Arıq və incədir. Uşaqlarımızın ingilis dilində təhsil almalarını istəyirdi”.

Şəhidın anası Həlmət Səmədova İsmayılın ürəyə yatımlı, qayğıkeş oğul olduğunu söyləyib:
“Hər bir anaya İsmayıl kimi övlad arzulayıram. Hədsiz ailəcanlı, qayğıkeş insan idi. Biz kasıb ailə olmuşuq. Tələbə vaxtı təqaüdünü yığırdı ki, bacısına cehiz alsın. Onun övladına hədiyyə almağım üçün Bakıdan rayona pul göndərirdi. O yaşında ailə düşünürdü, qayğı çəkirdi. Çox diribaş, çevik uşaq idi. XTQ-nin kursundan keçəndə sevincindən yerə-göyə sığmırdı. 6 aydan sonra mənə zəng edib: "ana, səni təbrik edirəm, mən kursu keçdim. 200 nəfərdən 20 nəfər qaldı, onların birincisi mən olmuşam" dedi.
Mən xəstə olanda ayağımı yuyurdu, dırnağımı tuturdu. Deyirdi, nəsə lazım olsa, sən ayağa durma, məni çağır. Atasının ürəyində problem var idi. Bir dəfə söz gəlişi dedi ki, bəlkə heç təqaüd yaşıma çatmadım. İsmayıl bu sözdən çox təsirləndi, bir müddət sonra gedib yoldaşımın adına kart açdırdı və hər ay ora pul yüklədi ki, birdən atası çox yaşamaz, qoy onun ürəyində qalmasın. Kəndə gələndə bir dəqiqə dayanmırdı, çöldə atasına kömək edərdi, tövlədə işləyərdi”.



















































































Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


