TAP Azərbaycanın strateji tərəfdaş rolunu gücləndirir

TAP Azərbaycanın strateji tərəfdaş rolunu gücləndirir
  10 Fevral 2021    Oxunub:1998
Energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG şirkətinin icraçı direktoru Luku Şieppati ilə video-konfrans formatında görüş keçirib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə TAP layihəsi üzrə işlərin planlaşdırılan vaxtda yekunlaşması yüksək qiymətləndirilib və kəmərin kommersiya fəaliyyətinə başlamasının “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addım olduğu bildirilib. Qeyd edilib ki, TAP Azərbaycanı Avropa ilə uzun müddətə birləşdirən daha bir enerji bağlantısı olaraq enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş rolunu daha da gücləndirir. Layihənin, həmçinin Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıdığı, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin etdiyi, enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra TAP layihəsinin genişləndirilməsi - kəmərin ümumi gücünün 20 milyard kubmetrədək artırılması, təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarının aparılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması ilə bağlı “Yaşıl saziş” və enerji bazarlarının bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə ötən ilin 31 dekabr tarixində başlanılıb.


Azvision.az



Teqlər: TAP  





Xəbər lenti