Millət vəkilinin Ermənistanı ifşa edən məqaləsi İspaniya mətbuatında

 Millət vəkilinin Ermənistanı ifşa edən məqaləsi İspaniya mətbuatında
  10 Fevral 2021    Oxunub:3372
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin sədr müavini Kamal Cəfərovun Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinə dair məqaləsi İspaniya mətbuatında dərc edilib.
Azvision.az xəbər verir ki, məqaləni İspaniyanın 1881-ci ildən nəşr edilən və ən çox oxunan qəzeti "La Vanguradia" işıqlandırıb.

Məqalədə Ermənistanın silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mülki obyektlərinə və dinc əhaliyə qarşı hücumu, bununla əlaqədar pozulmuş insan hüquqları ilə bağlı beynəlxalq hüquqi prosedurlar haqqında məlumatlar yer alıb.

Qeyd edilir ki, Azərbaycan Dağlıq Qarabağdakı separatçı rejimin 30 ilə yaxın işğalçı davranışlar sərgiləməsi və 44 günlük müharibə zamanı vətəndaşlarımızın hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıyla bağlı Ermənistan barəsində Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.

Kamal Cəfərov bildirib ki, müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində vətəndaşlarımızın yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır.

Deputatın sözlərinə görə, rəsmi Bakı bununla yanaşı, həmçinin Azərbaycanın indiyədək 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürüb.

Eyni zamanda çox sayda vətəndaşlarımızın birinci Qarabağ müharibəsi dövründə Ermənistan qüvvələri tərəfindən əsir götürüldüyü, işgəncələr və qeyri-insani rəftarlara məruz qaldığı, məcburi köçkünlərin evlərinə qayıtmaq, ibadət yerlərini və dəfn edilmiş yaxınlarını ziyarət etmək hüququndan məhrum edildikləri diqqətə çatdırılıb.

Bundan əlavə, Azərbaycan müraciətində 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu bombalar, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşaq və 28 qadının həlak olması, 423 şəxsin, 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulmasını əsaslandırıb.

Məqalədə qeyd olunub ki, rəsmi Bakı Ermənistan ordusu tərəfindən azərbaycanlı hərbi əsirlərə qarşı pis rəftar və əsgərlərimizin cəsədlərinin doğranması iddialarını da təqdim edib.

Millət vəkilinin sözlərinə görə, bu, Azərbaycan dövlətinin Avropa Məhkəməsində Ermənistana qarşı ilk şikayətidir. Məqalədə Ermənistanın da öz növbəsində 44 gün ərzində ümumilikdə 5500-dən çox əsgərin və 150-ə yaxın mülki şəxsin həyatını itirdiyi Dağlıq Qarabağdakı son müharibə ilə əlaqədar olaraq Azərbaycanı AİHM-ə şikayət etdiyi qeyd olunub.

Yazının sonunda Dağlıq Qarabağ və ətraf 7 rayonun beynəlxalq müstəvidə Azərbaycanın ərazisi kimi tanındığı vurğulanıb.

Azvision.az


Teqlər: Deputat   İspaniya-mətbuatı   Qarabağ  





Xəbər lenti