Moskva həmsədrlərin qalmasının tərəfdarıdır - Rusiya XİN

Moskva həmsədrlərin qalmasının tərəfdarıdır -  Rusiya XİN
  10 Fevral 2021    Oxunub:1739
Moskva Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanması ilə bağlı fəaliyyətlərinin davam etdirilməsinin tərəfdarıdır.
Azvision.az xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərin inkişafına mühüm töhfə verdilər, bunların bir çoxu 10 noyabr 2020-ci il tarixli bəyanatda əks olunub.

"Bu, Dağlıq Qarabağ ətrafında yerləşən bölgələrin Azərbaycana qaytarılması, qaçqınların geri dönməsi, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması, təhlükəsizliyin təmin edilməsi, sülhməramlılar, bütün iqtisadi və nəqliyyatın blokdan çıxarılmasına da aiddir. ATƏT-in Budapeşt sammitinin (1994) qərarları ilə hərtərəfli siyasi həllə nail olmaq vəzifəsi Minsk qrupunun həmsədrlərinə həvalə edilmişdir".

XİN rəsmisi əlavə edib ki, “üçlük” güclü beynəlxalq dəstəyə malikdir və bu, status məsələsi də daxil olmaqla, sonrakı addımlarla bağlı qarşılıqlı məqbul yanaşmaların hazırlanmasında faydalı ola bilər. Ancaq tələsmədən, vaxtı gələndə.

Rudenko deyib ki, indi ATƏT-in Minsk qrupu və həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər. Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı bölgədəki vəziyyətin ümumi yaxşılaşdırılmasına və siyasi yolda gələcək addımlar üçün ilkin şərtlərin yaradılmasına kömək edəcəkdir.

Türkiyənin bölgədə iştirakçılığına gəlincə, Rudenko bildirib ki, hərbi sahə üzrə bölgədə Rusiyanın Ankara ilə qarşılıqlı əməkdaşlığı Ağdamdakı atəşkəsə nəzarət üzrə birgə Monitorinq Mərkəzidir: "Belə bir mərkəzin açılmasını bölgədəki vəziyyətin normallaşdırılmasına yönəlmiş birgə səylərin yaxşı bir nümunəsi kimi qiymətləndiririk".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti