Çinin yeni Honkonq siyasəti

Çinin yeni Honkonq siyasəti
  10 Fevral 2021    Oxunub:1451
ABŞ-ın yeni prezidenti Co Bayden Pekinlə dialoqa hazır olduğunu bildirsə də, insan və milli azlıqlar məsələlərində Çinə qarşı siyasətini yumşaltmayacağını bəyan edib.
Eyni açıqlamanı yeni dövlət katibi Entoni Blinken də səsləndirib. Məsələn, Honkonq Pekinin sərt qanunlarını tətbiq etməkdən ötrü məktəblər üçün yeni qaydalar işlətmək məcburiyyətindədir. Bu isə Vaşinqtonun narahatlığına səbəb olub.

Çinin mərkəzi hökumətinin təlimatına görə, Honkonqla bağlı milli təhlükəsizlik məsələsində mübahisəyə və ya uzlaşmağa yer yoxdur. Başqa sözlə Honkonqun yerli administrasiyası Pekinin təlimatlarını yerinə yetirməli, artıq suallar verməməlidirlər. Yeni siyasət Çində hazırlanan cizgi filmlərində, şəkilli kitablarda və qrafika da daxil olmaqla yeni tədris materiallarında öz əksini tapıb. Təlimatlara milli təhlükəsizlik məsələlərinin “bir sıra fənlər üzrə tədris olunmasına”, eləcə də inzibatçıların və müəllimlərin nizam-intizam məsələlərinə və yeni təlimatlara necə münasibət göstərmələri barədə “incə detallar” daxil edilib. Qaydalara zidd hərəkət edən müəllimlər və tələbələr potensial tənqidlə üzləşəcək, onlara nəzarət edəcək inzibatçılar “ciddi” qanun pozuntuları halında prosesə polisi cəlb edəcəklər, milli təhlükəsizliyə zidd hesab olunan kitablar və digər materiallar yığışdırılacaq.

Çin hökumətinin Honkonqda qayda-qanun yaratması istəyinin müəllim və tələbələrdə başlaması anlaşılandır. Çünki, Honkonqda Çin qanunlarına qarşı 2019-cu ildəki etirazları və küçə yürüşlərini əsasən universitetlərin fəal müəllimləri və tələbələr təşkil etmişdilər. Pekin Honkonqda müəllimlər və tələbələr arasında radikalizmi azaltmaq məqsədilə birinci növbədə onlarla tərbiyəvi işlərə başlayıb. Pekin Honkonqdakı uşaq bağçalarını da unutmayıb. Uşaq bağçaları üçün də təlimatlar hazırlanıb.

Honkonqda yaşayanlar Çin tarixi, Çin mədəniyyəti və mənəvi təhsili haqqında daha çox məlumat aşılamaq məcburiyyətində qalacaqlar. Çinlilər bununla da milli təhlükəsizlik təhsilinin təməlini qoyurlar. 6 yaşından başlayaraq bölgənin bütün şagirdləri Çinin tarixini və inkişafını, milli təhlükəsizliyin əhəmiyyətini, dövlət bayrağını, dövlət gerbini və dövlət himnini anlamalarına kömək etmək məqsədi ilə yeni dərslər alacaqlar. İbtidai sinif şagirdlərinə İstiqlal marşını oxumaq və bayraq qaldırmaq təlimatı veriləcək, yuxarı sinif şagirdləri isə Çin qanunlarının əsaslarını və Xalq Azadlıq Ordusu kimi qurumların əhəmiyyətini öyrənəcəklər.

Pekin uyğurlara zorla saxladığı “əmək düşərgələrində” də məcburi tədrisi davam etdirir. Əlbəttə, Pekinin bu siyasəti Qərbdə etiraz doğurur. Ancaq hələ ki, ABŞ və Avropa İttifaqı Çini siyasətini dəyişdirməyə vadar etməyib. Avropa Birliyi insan və milli azlıqlar məsələsində Pekini tənqid etsə də, Çinlə münasibətləri korlamaq istəmir. Eləcə də ABŞ-ın yeni prezidenti sələfi Donald Trampdan fərqli olaraq Pekinlə harada mümkündürsə, dialoq qurmağa çalışacaq. Pekin də bundan istifadə edərək üstünlük verdiyi siyasətini davam etdirəcək.

Bu arada, Pekin koronavirus tənqidindən də qurtulmağa yaxındır. Ümumdünya Səhiyyə Təşkilatının Çində araşdırma aparan qrupu bu qənaətə gəlib ki, virusun məhz Çinin Uhan şəhərinin bazarından yayılması faktı təsdiq olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun qənaətindən asılı olmayaraq, beynəlxalq aləm Çinə inanmağa həvəsli deyil.

Şahin Quliyev,
“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşı

Azvision.az


Teqlər: Çin   HonKonq   ABŞ  



Xəbər lenti