Xaricdən sifariş olunan mallar niyə gecikir? - Rəsmi açıqlama

Xaricdən sifariş olunan mallar niyə gecikir? -  Rəsmi açıqlama
  10 Fevral 2021    Oxunub:3256
Xaricdən sifariş edilən malların gecikdirilməsində əsas problem ondan ibarətdir ki, bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Layihələrin İdarəolunması şöbəsinin inspektoru Tuncay Əlibəyli deyib.
O bildirib ki, digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir.
"Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir. Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar. Faktiki olaraq isə xaricdən edilən sifarişlərin gömrük nəzarətindən keçirilməsi 2-3 saat, maksimum 1 gün ərzində başa çatır.

Qeyd edək ki, son vaxtlar xaricdən sifariş olunan məhsulların çatdırılmasında gecikmələr müşahidə edilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: DGK   Gömrük  






Xəbər lenti