Yalnız bu yolla yoluxma zəncirini qırmaq olar

 Yalnız bu yolla yoluxma zəncirini qırmaq olar
  11 Fevral 2021    Oxunub:5195
Fevralın 8-dən ölkəmizdə 65 və daha yuxarı yaşda olan vətəndaşların vaksinasiyasına başlanılıb. Lakin risk qrupunda olan hər kəs yaşadığı ərazidə sahə poliklinikasına müraciət edib, vaksinasiya oluna bilər.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBIB) işçi qrupunun üzvü Vüsalə Yaşar deyib. O bildirib ki, insanların qorxulu kabusuna çevrilən koronavirus pandemiyasından xilas yolu vaksinasiyadır.

“Peyvəndlə bağlı bir sıra şübəhələr və qorxular var. Əsasən xroniki xəstəliyi olanlar ehtiyat edirlər və əks-reaksiya yaranmasından, yaxud mövcud xəstəliklərinin kəskinləşməsindən çəkinirlər. Buna görə peyvənddən imtina edənlər də var. Lakin peyvəndin üstünlüklərindən xəbərdar olanlar nəinki özlərini, hətta yaşlı ailə üzvlərini də prosesə cəlb edirlər. Şəkərli diabeti, xroniki ürək-damar, tənəffüs sistemi xəstəlikləri olanlar COVID-19-u daha ağır keçirə biləcəkləri ehtimal edildiyi üçün onlar öncə vaksinasiya olunmalıdırlar”.

Həkim bildirib ki, insanların həmişə peyvəndə qarşı fikirləri birmənalı olmayıb: “Əvvəllər də bəzi valideynlər övladlarını vaksinasiyadan yayındırmağa çalışıblar. Unutmamalıyıq ki, vaksinasiya yoluxma, ağırlaşma, ölümcül xəstəliklərdən qorunmaq üçündür. Bu yolla təbii çiçək və digər infeksion xəstəliklərin kökü kəsilib. Ölkəmizə gətirilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “Coronovac” peyvəndi inaktivdir. Bu peyvəndlə orqanizm virusla qarşılaşan zaman ona hazır olur. Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etmirlər. Bu, doğru deyil".

TƏBİB nümayəndəsinin sözlərinə görə, vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasındadır və orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır: "Vaksinasiyadan sonra bədəndə yaranan müdafiə sisteminin nə qədər və hansı müddət davam edəcəyi, nə dərəcədə qoruyacağı barədə araşdırma yoxdur. Əgər insanlarımızın 70-80 faizinə həmin peyvəndlər vurularsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Koronavirus  





Xəbər lenti