Gənc səfirlərin seçim mərhələsinə start verilib

Gənc səfirlərin seçim mərhələsinə start verilib
  11 Fevral 2021    Oxunub:2466
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Azərbaycanda 2021-2023-cü illər üçün gənc səfirlərin seçim mərhələsinə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, məqsəd DİM-i Azərbaycanda təbliğ etmək, gəncləri bu məqsədlərə nail olunmasında iştiraka təşviq etmək, yerli və milli səviyyədə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və milli hesabatların hazırlanmasına töhfə verməkdir.

Azərbaycan Respublikası vətəndaşları arasından seçiləcək 14-29 yaşlı gənc səfirlər iki il müddətində fəaliyyət göstərəcəklər. Onların sayı 17-dən çox ola bilməz. Belə ki, hər bir məqsəd üzrə yalnız bir gənc səfir seçilə bilər. Gənc səfirlər könüllü əsaslarla fəaliyyət göstərəcəklər. Onların fəaliyyəti paytaxtı və Azərbaycanın müxtəlif regionlarını əhatə etməlidir.

Ərizə qəbulu elan edildikdən və namizədlərin müraciətləri toplandıqdan sonra DİM üzrə gənc səfirlərin seçimi iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə işçi qrupun nümayəndələri tərəfindən bütün müraciətlər araşdırılacaq və ilkin müsahibə keçirilərək namizədlərin qısa seçim siyahısı hazırlanacaq. Sonra Gənclər və İdman Nazirliyinin, BMT İnkişaf Proqramının və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndələrindən ibarət heyət namizədləri yekun müsahibə əsasında qiymətləndirib, son seçim barədə qərar qəbul edəcək.

Seçilmiş gənc səfirlərin fəaliyyəti layihə əməkdaşları tərəfindən əlaqələndiriləcək. Fəaliyyət müddətləri ərzində DİM-lərin təbliği məqsədilə və tərəfdaşların dəstəyi ilə gənc səfirlərin kütləvi informasiya vasitələrində çıxışları, müxtəlif müəssisələrdə təqdimatları və təlimləri, regional, milli və beynəlxalq miqyaslı tədbirlərdə və digər müvafiq tədbirlərdə iştirakı nəzərdə tutulur.

Müraciətlərin qəbulu prosesi martın 2-də başa çatacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və BMT-nın İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində DİM üzrə gənc səfirlər təşəbbüsü irəli sürülüb. Nəticədə 2018-ci ildə Azərbaycanda ilk dəfə DİM üzrə 17 gənc səfir seçilib.

2018-2020-ci illərdə 17 gənc səfir könüllü əsaslarla DİM-in Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına və ölkədə DİM-lərlə əlaqəli təşəbbüslərin həyata keçirilməsinə töhfə veriblər. Məhz onların fəaliyyəti nəticəsində Azərbaycanda yüzlərlə gənc DİM-lərdən xəbərdar olub və qlobal məqsədlər üçün hərəkətə keçib.

Təşəbbüsün uğurlu və səmərəli nəticəsini nəzərə alaraq, 2021-2023-cü illəri əhatə edəcək növbəti DİM üzrə gənc səfirlərin seçim mərhələsinə başlanıb.

Prezident İlham Əliyevin 2014-cü il 8 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT-nın İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında həmin il aprelin 1-də Bakıda imzalanmış layihə sənədi onun tərkib hissəsi hesab edilən əlavələrlə birgə təsdiqlənib. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri olaraq, 2014-cü il oktyabrın 28-30-da Gənclər və İdman Nazirliyi, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO, BMT İnkişaf Proqramı və Avropa Şurasının təşkilatçılığı ilə Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum təşkil olunub.

Layihənin digər istiqaməti Azərbaycanda BMT modelinin institutlaşdırılması olub. Bu istiqamət çərçivəsində 2015-2016-cı illərdə müxtəlif ali təhsil müəssisələrində BMT Modeli Klublarının əsası qoyulub, iki dəfə Milli MUN – milli BMT modeli üzrə konfrans və iki yay məktəbi keçirilib. Həmçinin BMT Modeli Klubları tərəfindən də çoxsaylı konfranslar, təqdimat və təlimlər təşkil olunub.

Layihə hazırda DİM-in təbliği, bu məqsədlər üzrə gənc səfirlərin seçilməsi və DİM üzrə könüllü milli hesabatların hazırlanmasında gənclərin iştirakı, Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, BMT modeli hərəkatının möhkəmləndirilməsi və genişləndirilməsi olmaqla üç istiqamət üzrə fəaliyyət göstərir.

Azvision.az


Teqlər: Nazirlik   Səfir  





Xəbər lenti