Azərbaycanlı gənc Çexiyada “İlin adamı” seçildi

 Azərbaycanlı gənc Çexiyada “İlin adamı” seçildi
  13 Fevral 2021    Oxunub:10415
Çexiyada “Orfeus” adlı mükafata layiq görülən, incəsənət sahəsində mühüm rol oynayan yerli tələbələrə ilin adamı adı verilir.
Azvision.az xəbər verir ki, illərdir bu ənənə yerli əhali arasında mötəbər yarışmalardan sayılır və indiyədək bu ad yalnız çexlərə verilib.

Ötən ilin dekabrında həmyerlimiz Canel İlham qızı Nəcəflinin də sənədləri 2020-ci il nominasiyasında iştirak üçün təqdimata yollanıb. Sənədlər onun Çexiyadakı müəllimi Roman Fedçuk və təhsil aldığı Konservatoriyanın rektoru Miroslav Breyxa tərəfindən hazırlanıb.

Qeyd etdiyimiz kimi, Çexiya tarixində ilk dəfə idi ki, bu nominasiyada xarici tələbənin də namizədliyi irəli sürülürdü.

Bu gün isə sevindirici xəbər gəlib. Canel “İlin adamı” mükafatına layiq görülüb. Çexiyada ilk dəfə xarici tələbənin namizədliyinin irəli sürülməsi, təsdiq edilərək seçilməsi və məhz azərbaycanlı birinin belə bir mötəbər ada layiq görülməsi həqiqətən də qürurverici bir xəbər oldu. Hazırda Canel Azərbaycandadır və təhsilini onlayn qaydada davam etdirir. Mükafatın rəsmi təqdimatı pandemiyanın Çexiyada yaratdığı kəskin fəsadların aradan qaldırılmasından, yerli İcra Hakimiyyəti orqanı ilə razılaşdırmadan sonra həyata keçiriləcək.

Qeyd edək ki, Canel Nəcəfli 24 mart 2002-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ilin sentyabrından, yəni 2 yaşından 5 yaşa kimi mərhum bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrının üzvü olub. Oqtay Zülfüqarov onun adına mahnı da bəstələyib, “Caneldir adım” mahnısını 4 yaşı olarkən özü ifa edib. 2008-ci ilin sentyabrında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 1-ci sinfinə (skripka üzrə) daxil olub. 3-6-cı siniflərdə Xalq artisti, bəstəkar Arif Məlikovun tələbəsi Ayaz Qəmbərlinin fakültativ məşğələləri olan bəstəkarlıq sinfinə qatılıb. 4 əsəri var. 2012-ci ildə Bülbül adına məktəbin təşkil etdiyi və Arif Qəmbərlinin də iştirakı ilə baş tutan konsertdə öz əsəri ilə çıxış edib. 7 dəfə (2 respublika və 5 beynəlxalq) müsabiqələrdə I yerin qalibi olub.
Həmçinin bir sıra beynəlxalq müsabiqə və festivalların qalibidir.



1. “Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festival, Polşa, 2015- ci il I yer
2. “Josef Micka” adına festival-müsabiqə, Çexiya, Praqa, 2016-cı il, Prokofyevin “Zoluşka” əsərinə görə Fəxri Diplom
3. “Rodniki duşi” adlı Respublika müsabiqəsi, Bakı şəhəri, 2016-cı il, I yer
4. V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Beynəlxalq Festival, May, 2016-cı il
5. “Futures Stars” adlı Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2016-cı il, I yer
6. “Testene Art Baku” Beynəlxalq müsabiqə, Bakı şəhəri, 2017-cı il, I yer
7. “Grumiaux” (keçmiş “Bravo”) Beynəlxalq müsabiqə, Brüssel, (Belçika), 28 Mart-1 Aprel, 2018-ci il, III yer
8. Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi, Bakı şəhəri, Aprel, 2018-ci il, I yer
9. Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsi, Bakı şəhəri, Fevral, 2019-cu il, I yer
10. III Beynəlxalq “World Harmony” Müsabiqəsi, Bakı şəhəri, 17-24 Fevral, 2020-ci il, I yer
11. Boulder Bach Festival, iyul-avqust, 2020, ABŞ, Kolodaro Ştatı, Audience Favorite.
12. Karabakh İnternational Culture and Art Contest, 2020, Azərbaycan, Duet, III yer

Belçikada Ümumdünya Gənc Skripkaçılar müsabiqəsinin (Grumiaux – keçmiş BRAVO) qalibi olaraq 2019-cu ildə Bakı Musiqi Akademiyasına müsabiqədənkənar (imtahansız) qəbul olub. Hazırda Azərbaycanda Bakı Musiqi Akademiyasında qiyabi, Plzen (Çexiya) Konservatoriyasında isə əyani təhsil alır. Bakı Musiqi Akademiyasındakı müəllimi professor, Xalq artisti Zəhra Quliyeva, Plzen (Çexiya) Konservatoriyasındakı müəllimi isə professor Roman Fedçukdur.

Nəcəfli Canel, həmçinin Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin təşkilatçılığı ilə yaradılmış “Gənclərə dəstək” layihəsi çərçivəsində X Qəbələ Beynəlxalq Festivalında, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında və digər konsertlərdə solo çıxışlar edib. Canel 2015-ci ildə Bülbül adına OİMM-nə həsr edilmiş filmdə də rol alıb. O 2019-cu ildə Leyla Əliyevanın təşkil etdiyi “ZİMA” adlı layihədə orkestrə dəvət alıb. Bundan başqa, 16.02.2020-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Çexiyadan gəlmiş müəllimi Çexiya konservatoriyasının professoru Roman Fedçukla duet ortağı olaraq uğurla çıxış edərək görkəmli incəsənət xadimləri, Xalq Artistləri pianoçu Murad Adıgözəlzadə və dirijor Elşad Bağırovla səhnəni bölüşüb. 3 oktyabr 2020-ci il tarixdə Canel Çexiyada açıq havada “Şindlerin siyahısı” filmindən əsəri ifa edərək bunu şəhidlərimizə ithaf edib.

Azvision.az


Teqlər: Çexiya   Mükafat   Tələbə   Azərbaycanlı  





Xəbər lenti