Pakistan Xocalı bəyannaməsi qəbul etdi

Pakistan Xocalı bəyannaməsi qəbul etdi
  20 Fevral 2014    Oxunub:1056
Nüfuzlu “Pakistan Observer” qəzetində “Pakistanın tanınmış şəxsləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırırlar. “Pakistan Observer” məsələnin sülh yolu ilə həlli üçün ictimai birliyi səfərbər edir” sərlövhəli məqalə dərc edilib.

AzVision.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, məqalədə bildirilir ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul edib.

Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilmişdir. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilir. Bildirilir ki, 22 il əvvəl fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalmış, şəhər dağıdıl, insanlar gülləbaran edilmiş, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olmuşdur. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.

Bəyannamədə deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş qırğını hərbi cinayət və ya insanlığa qarşı cinayət adlandırmış, faciənin miqyası nəzərə alınaraq bu qətliamda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin BMT Baş Məclisinin sənədləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarları, həmçinin digər müraciətlər xatırlanır, bu sənədlərə əməl olunmasının vacibliyi vurğulanır.

Bəyannamədə bildirilir ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də qəbul etdiyi qətnamədə Xocalı soyqırımını tanımış, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etmiş, həmçinin 2013-cü il oktyabrın 5-də qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü bir daha tanımış və dəstəkləmişdir. Dünyanın bir sıra ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər.

Bəyannamədə deyilir: “Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır. Biz beynəlxalq ictimaiyyəti davamlı sülhün bərqərar olması naminə Dağlıq Qarabağ məsələsinə biganə qalmamağa, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq”.
Bəyannamənin yekununda deyilir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi problemlər ədalətli şəkildə həll olunmayana qədər dünyada sülh təhlükə altında qalacaqdır.


Teqlər:  





Xəbər lenti