Kamran Əliyev Türkiyədə rəsmi səfərdədir - FOTO

  15 Fevral 2021    Oxunub : 2229
   Kamran Əliyev Türkiyədə rəsmi səfərdədir -    FOTO
Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib.
Azvision.az xəbər verir ki, fevralın 15-də nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Azərbaycanın Baş prokuroru xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini səmimi salamlayan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin bütün sahələr kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.



Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edib, İraqın Qara bölgəsində xain terror aktı nəticəsində 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.

Tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirən Baş prokuror bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulayıb. Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan mühüm strateji layihələrin ölkələrimizi daha da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi qeyd edib.



Azərbaycanın Baş prokuroru Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edərək, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrinin tələblərini icra etdiyini vurğulayıb. Kamran Əliyev 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər müzakirə edilib, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.



Azərbaycanın Baş prokuroru Türkdilli Dövlətlərin Baş Prokurorlarının Əməkdaşlıq Şurasının yaradılması və təsis iclasının da rəmzi olaraq ölkəmizdə keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Həmin gün nümayəndə heyətinin Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə də görüşü keçirilib. Görüşdə ölkələrimizin ədliyyə orqanları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimiz arasında hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və maraq kəsb edən digər mövzular, eləcə də əməkdaşlığın perspektivləri ətrafında səmərəli və faydalı fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edir. Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.







Azvision.az

Teqlər: Baş-Prokurorluq