“Horadiz-Ağbənd dəmir yolu strateji əhəmiyyətə malik olacaq” - Deputat

   “Horadiz-Ağbənd dəmir yolu strateji əhəmiyyətə malik olacaq” -    Deputat
  15 Fevral 2021    Oxunub:2590
"Azərbaycan Prezidenti cənab İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olacaq".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Füzulidən seçilən deputat bildirib ki, dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər:

"Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz. Digər tərəfdən, dəmir yolu xətti Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Naxçıvana çəkiləcək dəhlizin əhəmiyyətini daha da artıracaq.

Dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq.

Beləliklə, yalnız Füzuli rayonu və ya işğaldan azad olunan ərazilərimiz üçün deyil, bütövlükdə ölkəmiz üçün vacib nəqliyyat infrastrukturunun inşasına başlanılır".

Azvision.az


Teqlər: Füzuli   Deputat  





Xəbər lenti