“Azərbaycan belə pandemiya ilə üzləşməmişdi” - Hikmət Hacıyev

   “Azərbaycan belə pandemiya ilə üzləşməmişdi” -    Hikmət Hacıyev
  15 Fevral 2021    Oxunub:2862
Azərbaycanda koronavirus yayılmağa başladığı dövrdən biz səhiyyə sistemimizin COVID-19 pandemiyasına hazırlanmasını təmin etdik, onu yeni reallıqlara uyğunlaşdırdıq. Azərbaycan bundan əvvəl belə bir pandemiya ilə üzləşməmişdi və səhiyyə sistemində müəyyən dəyişikliklər edilməli idi.
Azvision.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan öz təcrübəsinə əsasən beynəlxalq səviyyədə bir sıra təşəbbüslər irəli sürüb, xüsusilə beynəlxalq səylərə dəstəyini göstərib.

Hikmət Hacıyev deyib: “Hamı təhlükəsiz olmasa, heç kim təhlükəsiz ola bilməz. Ona görə də yerli və beynəlxalq səviyyədə tədbirlər bir-birini tamamlamalı idi. Bu yanaşmaya əsasən, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurduq. Bu əməkdaşlıq çərçivəsində Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya həsr olunmuş sammitlərini təşkil etdik. Tədbirlərdə pandemiyaya qarşı birgə mübarizə məsələləri müzakirə olundu. Həmçinin səhiyyə mütəxəssislərinin görüşləri təşkil edildi”.

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, COVID-19-la əlaqədar Azərbaycan Prezidenti BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənib.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   ÜST  





Xəbər lenti