“Qəlpə kəllə sümüyünü deşmişdi, 4 gün sonra başı tikişli döyüşə qayıtdı” - FOTOLAR

 “Qəlpə kəllə sümüyünü deşmişdi, 4 gün sonra başı tikişli döyüşə qayıtdı” -  FOTOLAR
  16 Fevral 2021    Oxunub:19682
"Ona toyunda nişan üzüyü alacağıma söz verdim"

Vətən müharibəsində xəstəxananı səngər bilib günlərlə yatmadan yaralı əsgərlərimizin keşiyində duran həkimlərimizdən biri də Əkbər Məmmədov olub. O, 1968-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında doğulub. 1993-cü ildə Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. Bakıda özünə məxsus özəl klinikada stomatoloq kimi çalışır. O, həm də birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Dörd övlad atası olan Əkbər həkim Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 50 gün könüllü olaraq yaralı hərbçilərimizə xidmət edib. Müsahibimiz müharibə bitdikdən sonra azad olunan bir sıra ərazilərimizdə stomatoloji klinikaların açılmasının təşəbbüskarıdır.
Müharibə xatirələrini Azvision.az -la bölüşən qəhrəman həkim əvvəlcə şahidi olduğu hadisələrdən söz açıb.

“Oktyabrın biri könüllü Ağcabədiyə getdim və orada dostlarımın köməyi ilə travmatologiya şöbəsini ixtisaslaşdırdıq. Əslində mən ora stomatoloq kimi getmişdim. Planımda hərbçilərimizin diş, çənə əməliyyatını həyata keçirmək var idi. Ancaq məlum oldu ki, travmatologiya şöbəsinin yaradılmasına daha çox ehtiyac var. Beləliklə, biz onu yaratdıq və müharibə bitənə kimi şöbəyə rəhbərlik etdim. Bu müddət ərzində 1000 nəfərə yaxın yaralını qəbul edib, 500-ə qədər əməliyyat həyata keçirdik. Xəstələri yaralarının ağırlığına və yüngüllüyünə uyğun olaraq çeşidləyib, arxa cəbhədə yerləşən xəstəxanalara göndərirdik.
Mən otelə getmirdim, gecə-gündüz şöbədə qalırdım. Yaralılar əsasən axşam saatlarında Füzulidən, Ağdamdan, Cəbrayıldan gətirilirdi. Şöbədə ən çətin iş çeşidlənmə idi. Çünki gələn xəstələrin hamısını müəyyən qruplara bölmək və daha sonra onları əməliyyata hazırlamaq lazım idi. Əməliyyat olunan xəstələri infeksiyadan qorumaq üçün yeni gətirilənlərlə eyni otaqda saxlamırdıq.



Şükürlər olsun ki, hansısa yaralını amputasiya etməyə ehtiyac qalmadı. Travmatoloqlarımız çox peşəkar idilər. Əbülfət, Əfqan, Ayaz, Laçın həkim gecə-gündüz növbəli şəkildə işləyirdilər. Xəstəxanada olan üç əməliyyatxananın üçündə də 24 saat əməliyyatlar həyata keçirilirdi. Əsgərlərin bir çoxunda zərbələrin təsirindən psixoloji problemlər yaranmışdı. Onları gecə səhərə kimi ovundurmaq çox çətin idi. Ağır günlər yaşayırdıq. Şöbəmizin tibb bacıları xəstələrə xüsusi qayğı ilə yanaşırdılar".



Ə. Məmmədov bildirib ki, hərbçilərimiz ağır yaralansalar da, döyüşə qayıtmağa can atırdılar:

“Yaralanmalarına çox təəssüf edirdilər, döyüşmək istəyirdilər. Yüksək rütbəli zabitimiz var idi. Qəlpə onun kəllə sümüyünü deşmişdi. O, əməliyyat olunandan 4 gün sonra başı tikişli vəziyyətdə cəbhəyə qayıtdı. Belələri çox idi. İlkin tibbi yardım göstərəndən sonra tələsik cəbhəyə yollanırdılar. Deyirdilər, əsgərimizi tək qoya bilmərik.

Bir xəstəmiz var idi, qolu bizim şöbəyə gələnə kimi amputasiya olunmuşdu, ancaq yenə də səngərə qayıtmaq istəyirdi. Deyirdi, “özümə bomba bağlayıb, heç olmasa 8-10 erməni öldürərəm”. Ona vəziyyətinin pis olduğunu, döyüş qabiliyyətini itirdiyini izah edirdim. Digər bir əsgərimizin isə adını əvvəl yatdığı xəstəxanada səhv yazmışdılar. Valideyni onu axtarırdı. Atası oğlunu tapanda qurban kəsib payladı.



Xəstələrə baş çəkən zaman yaralılardan birinin dilxor olduğunu gördüm. Ondan narahatlığının səbəbini soruşdum. Sənədlərini və nişan üzüyünü itirdiyini bildirdi. Həmin xəstəmizə toyunda yeni nişan üzüyü alacağıma söz verdim. Başqa bir hərbçimizin uşağı dünyaya gəlmişdi. Ona gözaydınlığı verdik, sevincinə qoşulduq.

İndi müharibə günlərini xatırlayanda kövrəlirəm. Həmin vaxtlar heç nə fikirləşə bilmirdim, buna vaxt yox idi. Yemək və ya su yada düşmürdü. Özümü hiss etmirdim. Məqsədim ancaq yaralıları xilas etmək idi. Adətən mən iki sutka yatmadan qala bilirəm. Üçüncü sutka isə enerjim tükənir və mütləq yatmalıyam. Ancaq Xocavənd, Qırmızı Bazar, Şuşa alınan ərəfədə bir həftə yatmadım. Həkimlər növbəli bir neçə saat yatsalar da, mənim gözümə yuxu getmədi. İş o qədər çox idi ki, bədənim özü vəziyyətə səfərbər olmuşdu. Bizim səngərimiz xəstəxana idi”.



Əkbər həkimin sözlərinə görə, şöbəyə gətirilən xəstələrin 70-80 faizində minamyotlardan atılan mərmilərin yaratdığı travmalar müşahidə olunub.

“Güllə yarası az olurdu. Minamyotlardan atlan mərmilər sümükləri 3-4 yerdən sındırırdı. Yaranın toza, torpağa dəyməsi infeksiyanın yaranmasına gətirib çıxarırdı. Şükürlər olsun ki, bizə gələn xəstələri amputasiya olunmaqdan və infeksiyadan qoruya bildik. Koma vəziyyətində olan 5 nəfər şəhid oldu. Həmin xəstələr ağır kəllə-beyin travması almışdılar. Aralarında naməlum əsgərlər də var idi. DNK analizindən sonra onları təhvil verdik. Biz əsasən təcili əməliyyatları və sınıqları qəbul edirdik. Digərlərini o biri xəstəxanalara ötürürdük.



Xəstələrimiz arasında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbçiləri də var idi. Hamısı qamətli və hündürboy idilər. Çarpayıların baş və ayaq hissələrini çıxarırdıq ki, yerləşə bilsinlər. Onların ağrıya dözümü də fərqli idi.

Biz adətən Prezidentin qələbə ilə bağlı tvitlərini gözləyirdik. Amma yaralı əsgərlərimizin gəldiyi əraziyə əsasən əvvəlcədən hansı rayonun azad olunduğunu təxmin edirdik”.



Dekabrın 18-də Bakıya qayıdan həkim Şuşa və Zəngilanda stomatoloji klinikanın açılmasından danışaraq deyib:

“Həkim yoldaşlarım Hadrutda, mən isə Şuşada klinika açdım. Azər həkim mənə kömək etdi. Ancaq iki həftədən sonra müəyyən səbəblərə görə oranı bağlamalı olduq. Növbəti klinikaları Zəngilanda və Qubadlıda açdıq. Stomatoloqlarımız növbəli şəkildə hərbçilərimizə xidmət göstərirlər”.













Şahanə Rəhimli
Azvision.az


Teqlər: Həkim   müharibə   Vətən   Əsgər  






Xəbər lenti