Böyük qayıdışa hazırlıq: Qarabağ yenidən cənnətə çevrilir

 Böyük qayıdışa hazırlıq:  Qarabağ yenidən cənnətə çevrilir
  16 Fevral 2021    Oxunub:9122
Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır.
Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilib. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.

Prezident azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır, şəhər və qəsəbələri kənbəkənd gəzərək həm xalqımız, həm də dünya ictimaiyyətinə mühüm mesajları verir. Bu mənada Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı getdiyi rayonlarda bir sıra tədbirlərdə iştirak edərək regionda planlaşdırılan böyük layihələrlə bağlı işlərin gedişatını izlədi, müvafiq tapşıqlarını verdi, eyni zamanda Ermənistanda revanş xəyalında olanlara "dəmir yumruğ"un yerində olduğunu xatırlatdı.

Strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolu



Müharibədən sonra nəqliyyat yollarının yenidən qurulması prioritet məsələdir. Bu mənada azad olunan ərazilərdə avtomobil yolları ilə paralel olaraq dəmir yolu infrastrukturunun bərpası və ya yenidən qurulması vacib idi. Məhz Prezident İlham Əliyevin fevralın 14-də Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması bu istiqamətdə atılmış önəmli addımlardan biri oldu.

Ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu yaxın gələcəkdə Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişini və yüklərin daşınmasını xeyli asanlaşdıracaq.

Xatırladaq ki, noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa yer alıb. Təməlin qoyulması artıq həmin işlərə start verilməsinin başlanğıcı sayıla bilər. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə uzun fasilədən sonra ölkəmizi onun ayrılmaz hissəsi olan Naxçıvanla dəmir yolu ilə bağlayacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz təmin olunacaq. Dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq ki, bununla da Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Əslində ölkəmizin təşəbbüsü ilə reallaşacaq dəmir yolu şəbəkəsi ümumilikdə region üçün mühüm əhəmiyyətə malik olacaq. Çünki sözügedən nəqliyyat dəhlizi yalnız Azərbaycanı Naxçıvanla, Türkiyə ilə birləşdirməyəcək, eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti də açıla bilər. Bu xətt isə yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı da qurulacaq. Bundan başqa İran ilə Ermənistan və Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı reallaşacaq. Yəni, region ölkələri bundan ancaq xeyir görəcəklər. Təbii ki, bütün bunlar ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artıran amillərdir. Proqnozlaşdırıldığı kimi, Azərbaycan etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün geniş zəmin yaranacaq.

Ölkə başçısı Füzulidən sonra səfər etdiyi Zəngilan rayonunda da mühüm layihələrin həyata keçiriləcəyini bildirdi. O, Zəngilana gedərkən sükan arxasında yolboyu keçdiyi ərazilər haqqında danışaraq dedi:

“Torpaqların bərpası prosesi artıq başlamışdır. Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı, bax, bu günə qoyub mənfur düşmən. Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək” .

Qeyd edək ki, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunda icra ediləcək. Artıq fevralın 14-də layihəyə start verilib. Dağıdılmış Ağalı kəndi bərpa ediləcək birinci kənd olacaq. Zəngilanın Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsinin icrası əsasən 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Ümumiyyətlə, Prezident çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Hətta bu istiqamətdə İtaliya təcrübəsindən yararlanacağımız da bəllidir. Bir sıra İtaliya şirkətləri artıq bərpa işlərində aktiv iştirak üçün əməkdaşlığa başlayıblar. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması əsas prioritetlər sırasındadır. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Azad edilmiş torpaqlarda ilk elektrik stansiyası



Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən, heç bir itki vermədən işğaldan azad edilən ərazilərdən biri də Laçın rayonudur. Azərbaycanın tarixi və əzəli ərazilərindən olan Laçında artıq böyük quruculuq işlərinə start verilib. Zəngilandan Laçına yola düşən dövlət başçısı yol boyu Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışarkən işğalçıların burada hansı şəraitdə məskunlaşdırılmasına da diqqət çəkib:

“Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Çox ağır şəraitdə yaşayıblar. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq”.

Prezident daha sonra Padar kəndi, Qubadlı rayonunun Yusifbəyli kəndi, Mərdanlı kəndi haqqında məlumat verərək barbarların işğal dövründə bütün binaları söküb, taladıqlarını, hətta daşları belə oğurladıqlarının söyləyib. Güləbird kəndinə gələn ölkə başçısı burada qısa müddətdə inşa edilmiş su elektrik stansiyasının açılışını edib.

Qeyd edək ki, layihə azad edilmiş torpaqlarda ilk elektrik stansiyası sayılır. Təbii ki, gələcəkdə burada digər stansiyalar da tikiləcək və azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə olunacaq. Prezidentin qeyd etdiyi kimi, bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur. Təsadüfi deyil ki, məhz bu məqsədlə müharibədən dərhal sonra bununla bağlı sürətlə işlərə başlanıldı. İlk növbədə, Şuşanı elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verildi, hazırda işlər uğurla davam etdirilir.

Prezident Güləbirddə çıxışı zamanı bildirdi ki, Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək, ondan sonra şəhərin inkişafını reallaşdırmaq üçün “Azərenerji” ora yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.

Ölkə başçısı onu da vurğuladı ki, Laçın işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra burada SES istismara verilir. Bu SES-in generasiya gücü 8 meqavatdır:

“Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik. Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılmışdır. Əks-təqdirdə, bu stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi. Ancaq verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışını qeyd edirik”.

Güləbird SES-in azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası olduğunu xatırladan Prezident bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası olduğunu vurğulayıb. Həqiqətən də ermənilərin dağıtdığı istənilən infrastrukturu qısa müddətdə bərpa etmək qüdrətində olan Azərbaycan öz tarixi dədə-baba torpaqlarına qayıtmaqla düşmənə torpağa necə sahiblənməyi, əraziləri bərpa etməyi də nümayiş etdirir. Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş bütün su elektrik stansiyalarının bərpa olunacağını deyən Prezident, həmçinin düşmənin təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıtdığını xatırladıb.

Bərpa planına əsasən, Kəlbəcər ərazisində 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq. Bu isə çox böyük generasiya gücü sayılır. Bu generasiya gücü ilə Azərbaycan sözügedən əraziləri dayanıqlı enerji ilə təmin edəcək.

Səfər zamanı Prezident bərpaolunan enerji növlərinin bölgədə çox böyük potensialının olduğunu vurğulayıb. Onların arasında “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları xüsusi əməliyyətə malik olacaq.

Xatırladaq ki, Azərbaycan bu stansiyaların tikintisi ilə bağlı İranla razılığa gəlib. Yaxın gələcəkdə bu SES-lər tikiləcək və beləliklə, Azərbaycan tərəfinə sözügedən stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaq.

“Biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir”, -deyə ölkə başçısı Qarabağa növbəti səfəri zamanı bildirib.

Artıq azad edilmiş torpaqların “yaşıl enerji” zonası olacağı elan edilib. Xarici və yerli investorlar prosesdə yaxından iştirak etmək üçün dəvət alıblar. İnvestorlar bərpa işlərində həm öz biznes maraqlarını təmin edə, həm də Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsində vacib rol oynaya bilərlər.

Mütəxəssislər Kəlbəcər və Laçında külək enerjisinin böyük potensialının olduğunu deyirlər. Zəngilan, Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisinin böyük potensialı var. Artıq bu istiqamətdə birinci layihə - “Güləbird” SES-in istismara verilməsi təqdir olunmalıdır.

Qeyd edək ki, “Güləbird” SES-in istifadəyə verilməsi başqa bir səbəbdən tarixi və əlamətdar hadisədir. Çünki bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi oldu. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Revanşistlərə xəbərdarlıq - Laçınla Şuşanı satanlar eyni adamlardır



Prezident Laçında çıxış edərkən xarici və daxili siyasi məsələlərə də toxunub. Ölkə başçısı bildirib ki, Ermənistanda bəzi revanşist qüvvələr Azərbaycanı növbəti müharibə ilə hədələməyə çalışırlar. Ali Baş Komandan erməni faşizminin bir daha baş qaldırmasına imkan verilməyəcəyini bəyan edib. Azərbaycan artıq erməni faşizmini məhv edib. Düşməni öz doğma torpaqlarından qovub.

Ali Baş Komandan çıxışında deyib: “Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim. Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik”.

Ali Baş Komandan Laçından danışarkən rayonun işğal altına düşməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantının yarandığını söyləyib. Ölkə başçısı rayonun itirilməsini böyük faciə adlandırıb və xüsusilə vurğulayıb ki, Laçın rayonunu satanlarla Şuşanı satanlar eyni adamlar olub:

“Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”.

Qarabağın təbiəti yenidən canlanır



Prezidentin Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baş çəkməsi də səfərin diqqət çəkən məqamlarından oldu. Azərbaycanın digər işğal altında saxlanılmış əraziləri kimi Bəsitçay qoruğunda da ekoloji terror törədilib. Təəssüf doğuran məqam odur ki, erməni vandalları qoruğun meşəlik ərazisinin yarısını məhv ediblər, ağacların kökünü, oduncağını yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Əraziyə gələn Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkiblər və Bəsitçaya balıq buraxıblar.

Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu və bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra isə düşmən çinarların böyük hissəsini kəsib.

“Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi. Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik. Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir”, - deyə ölkə başçısı bildirib.

Prezident bölgəyə səfəri çərçivəsində Cəbrayılın Soltanlı kəndinə yola düşərək işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə də maraqlanıb. Prezident tapşırıq verib ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə suyun verilməsi təmin edilsin. Nəticədə 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.

Qeyd edilib ki, qısa müddət ərzində bütün imkanlar səfərbər edilərək 7 min hektar torpaqda əkin işləri aparılıb. Builki mövsümdə isə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq.

“Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək”, - ölkə başçısı çıxışına əlavə edib.

Bu gün işğaldan azad edilən torpaqlarda bütün infrastrukturun, ümumilikdə rayon və şəhərlərimizin modern əsaslarda yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verir. Bu istiqamətdə dövlətin atdığı addımlar təqdir olunmalı, region ölkələrinin iqtisadiyyatının inkişafına təsir edəcək təşəbbüslər alqışlanmalıdır. Ölkə başçısının da dediyi kimi, Azərbaycan Qarabağ torpaqlarına yenidən həyat qaytaracaq!

Tural Tağıyev
Azvision.az


Teqlər: Güləbird   Prezident   Qarabağ   Quruculuq   Səfər   Laçın  






Xəbər lenti