“İndiyədək peyvəndlə bağlı heç bir şikayət olmayıb” - Baş həkim

 “İndiyədək peyvəndlə bağlı heç bir şikayət olmayıb” -  Baş həkim
  16 Fevral 2021    Oxunub:1977
Bu günə qədər poliklinikamızda 300-dən çox 65 yaşdan yuxarı şəxslər peyvənd olunub. Onların hər birinin vəziyyəti yaxşıdır.
Bu barədə Azvision.az -a açıqlamasında 7 saylı şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova deyib. O bildirib ki, peyvənd üçün poliklinikaya gələn vətəndaşlar qeydiyyata alınır və vaksinasiyadan sonra sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

"Onların adlarının randevu.its.gov.az saytında olduğu müəyyən edilir, qeydiyyata alınır, həkim müayinəsindən keçirilir. Əgər təzyiqi olanlar varsa, dərmanları verilir. Təzyiq salınır, yenidən həkim müayinə edir. Vəziyyəti yaxşıdırsa, peyvənd otağına yola salınır. Bu günə qədər peyvənd olunan şəxslər arasında hər hansı fəsadlaşma, şikayət olmayıb. Hər kəs vaksinasiyanı yaxşı keçirir".

Ş.Səfərova bildirib ki, dünəndən başlayaraq poliklinikanın tibbi heyətinə ikinci doza vaksin vurulur.

"Poliklinikanın 80 faizə yaxın həkimi peyvənd olunub. Hər birinin vəziyyəti yaxşıdır. Digərləri koronavirusa yoluxduğu üçün antitelləri var və ya hamilədir, ona görə peyvənd olunmayıb".

Baş həkim, həmçinin koronavirusdan tez bir zamanda qurtulmaq üçün vaksinasiyanın vacib olduğunu qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksin  






Xəbər lenti