“Ordusunun yarıdan çoxunu itirən Ermənistan nə ilə revanş edəcək?”
Hərbi ekspert Ədalət Verdiyev Azvision.az -a açıqlamasında bildirib ki, hazırda Ermənistanda bəzi revanşist qüvvələrin müharibə ilə bağlı çağırışları real əsaslara söykənmir.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində zirehli texniki vasitələrinin böyük hissəsini, aviasiya vasitələrinin 30, hava hücumundan müdafiə vasitələrinin 40 faizini itirən Ermənistanın hansı vasitələrlə revanş götürüb, yeni müharibələrə qatılacağı ciddi suallar doğurur.
"Ermənistan ordusunun bu müharibədə 10 minə yaxın, bəlkə də bundan artıq yaralısı olub. Həlak olanların sayı isə 5 min nəfərdən az deyil. 10 min fərarini də bura əlavə etsək, Ermənistan ordusunun hazırda ümumi itkiləri 25 minin üzərində görünür. 40-45 min nəfərlik şəxsi heyətə malik olan Ermənistan ordusunun canlı qüvvəsinin yarıdan çoxunu itirməsi və texnikaların da 50 faizə yaxınının məhv olduğunu nəzərə alsaq, onların müharibəyə nə ilə başlayacağı şübhə altındadır. Ümumilikdə, Ermənistan ordusu hazırda dağınıq və məğlubiyyətdən sonra mənəvi-psixoloji təzyiq altındadır. Müharibədən sonrakı dövrdə bir dəfə də olsun ordunun normal təlimini təşkil edə bilməyən Ermənistan verdiyi bəyanatlara diqqət etməlidir. Gözlərini açıb, bir neçə gün əvvəl Qarsda keçirilən Türkiyə-Azərbaycan “Qış təlimi-2021” birgə təlimlərinə baxsaydılar, yetərli olardı. Azərbaycan pilotlu, pilotsuz aviasiyadan, artilleriya ilə fasiləsiz atəş dəstəyindən, düşmən arxasına desant çıxarılması, snayperlərin və digər atıcı silahların tətbiqi, həmçinin, bu tətbiqlərin maksimal məsafələrdə həyata keçirilməsi kimi məşqlər etdi. Bunlar, Ermənistanın revanşist qüvvələrinə bir daha mövcud reallıqları qəbul etməli olduqlarını xatırladır"
Hərbi ekspert qeyd edib ki, regionda heç kimin Türkiyə-Azərbaycan birliyinə qarşı real gücü və potensial qüvvəsi yoxdur:
"Artıq bu reallığı həm Ermənistan, həm də regionun digər əsas oyunçuları qəbul edir. Azərbaycanın Türkiyə ilə əməkdaşlığı torpaqlarımıza göz dikən işğalçılardan başqa kimsəyə qarşı yönəlməyib, Azərbaycan və Türkiyə ordusu hazırda regionda sülhün və inkişafın yeganə təminatçısıdır. Bunu acı olsa belə, Ermənistanın bütün siyasi və hərbi qüvvələri qəbul etmək məcburiyyətindədir".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Düşmən Xəbərdarlıq Revanşist Qüvvə







Vaxtında, Aydın, Lazımlı!


