“Kiminsə təzyiqi qalxırsa, bu vaksinlə bağlı deyil” - Baş həkim

 “Kiminsə təzyiqi qalxırsa, bu vaksinlə bağlı deyil” -  Baş həkim
  17 Fevral 2021    Oxunub:2621
Yanvarın 18-dən başlanan vaksinasiya prosesi uğurla davam edir. COVID-19 əleyhinə vaksinasiya tam zərərsiz prosesdir. Ölkəmizə gətirilən Çin istehsalı “Sinovac” vaksini inaktivləşdirilmiş peyvəndir, heç bir əks göstərişi yoxdur. Peyvənd vurulduqdan sonra heç bir əlavə təsiri müşahidə olunmayıb.
Bunu Azvision.az -a açıqlamasında 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev deyib. O qeyd edib ki, vaksinasiya prosesində aktivlik müşahidə edilir.

“Pasiyentlərimiz, xüsusilə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunur. Bu günə qədər 200-ə yaxın 65 yaşdan yuxarı şəxs peyvənd edilib. Bu gün isə artıq 4 nəfər peyvənd olunub. Gözləyənlər də var. Onlar növbə ilə peyvənd olunacaqlar. Bu gündən 50 yaşdan yuxarı şəxslərin də vaksinasiyasına başlanılıb. Hələ müraciət edənlər yoxdur. Amma bir müddət sonra onların da sayı artacaq”.

Koronavirusa qarşı vaksinasiyanın vacib olduğunu vurğulayan baş həkim bildirib ki, peyvənddən sonra hər hansı yan təsirlər qeydə alınmayıb.

“Vaksin vurduran insan koronavirusa yoluxsa belə, onu yüngül keçirdəcək. Məsləhət bilirik ki, peyvəndə insanlar dırnaqarası baxmasınlar, peyvəndləməyə gəlsinlər və biz onlara xidmət edək. Həkimlərimiz, tibbi heyət elektron formada insanları çağırır, təbliğat aparırlar, vaksinin xeyirli cəhətlərini deyirlər. Vaksin kəskin allergik reaksiyası olanlara vurula bilməz, bundan başqa heç bir əks göstəriş yoxdur”.

Ç.İbadullayev sabah ikinci doza vaksin vurduracağını söyləyib: "Xəstəxananın 80 faiz tibbi heyəti peyvənd olunub. Analıq məzuniyyətində olanlar, koronavirusa yoluxanlar və allergik reaksiyası olanlar peyvənd olunmayıb. Vaksinasiyadan sonra özümü normal hiss etdim. İynə yerində yüngül ağrı oldu. 3-4 dəqiqədən sonra o da keçib getdi. Peyvənd olunandan sonra xəstələrdə reaksiya olmur. Kimsə peyvəndə qədər həyəcanlanıb stres keçirirsə, təzyiqi qalxır. Bu isə vaksinlə bağlı deyil”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  






Xəbər lenti