Sarkisyan özünü necə ifşa etdi? - ŞƏRH

 Sarkisyan özünü necə ifşa etdi? -  ŞƏRH
  17 Fevral 2021    Oxunub:2610
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan uzun müddətdən sonra yenidən siyasi meydana qayıdaraq qalmaqallı müsahibə verib. O, müsahibəsində bir sıra absurd fikirlər səsləndirib ki, bu da erməni cəmiyyətində çaşqınlıqla qarşılanıb.

Maraqlıdır, Sarkisyan niyə məhz indi aktiv görünməyə başladı? Onun təzadlı, yalan dolu fikirlərində məqsəd nədir?
Siyasi şərhçi Sahil İskəndərov Azvision.az-a bildirib ki, Sarkisyanın verdiyi müsahibənin indiki həssas dövrdə ortaya atılmasında bir neçə məqsəd var.

“Sarkisyan-Koçaryan tandemi - sələflik və xələflik xəttini gözləyən iki eks-prezident “Çiçəklənən Ermənistan”ı öz tərəflərinə qoşmaqla yeni müxalif güc, ciddi müxalifət yaratdıqlarını bəyan edirlər. Məlumdur ki, digər aktiv müxalif qrup, birləşmiş müxalifət vahid namizəd kimi irəli sürülən Vazgen Manukyanı onsuz da keçid bir fiqur kimi qiymətləndirir. Qarabağ klanı göstərmək istəyir ki, artıq onlar da ölkədə təşəbbüsü ələ almağa çalışırlar. Sarkisyanın müsahibəsinin ajiotajla yayımlanması təsadüfi olmadı. Yəni zaman seçimi məqsədli idi. Müxalifət anons vermişdi ki, bu şənbə genişmiqyaslı yeni mitinq keçirəcəklər və xalq da küçələrə axışmalıdır. Maraqlıdır ki, hakimiyyət də öz tərəfindən gərginlik keçirir. İqtidar iş adamlarına, sahibkarlara müraciət edib ki, onlar işçilərinə aksiyalara qoşulmaları üçün təzyiqlər etməsinlər. Görünür, sahibkarlar da baş nazirin fəaliyyətlərindən narazıdırlar. Bu cür qarışıq situasiyada Sarkisyan meydana çıxaraq ziddiyyətlərlə dolu müsahibə verdi”, - S.İskəndərov deyib.



Onun sözlərinə görə, burada maraqlı bir diqqət çəkən məqam ortaya çıxır. Paşinyan bir müddət əvvəl kapitulyasiyada günahın yalnız onun üzərinə atılmamasını bəyan etmişdi. Əslində çox məntiqli çıxış etmişdi. O, cəmi 2 ildir hakimiyyətə gəlmişdi və müharibə vaxtı Nikola ağıl verən keçmiş hakimiyyət nümayəndələri uzun illər iqtidarda olsalar da ordu ilə bağlı ciddi işlər görməyiblər.

“Nikol haqlı irad bildirmişdi ki, əvvəlkilər nə normal güclü ordu qurdular, nə də başqa inkişaf xətti seçdilər. Sarkisyana isə bununla bağlı verilən sualda nağıllar danışıb. Aprel müharibəsindən sonra guya hökumət bir milyard üç yüz milyon dollar civarında yeni silahlar almalı imiş və PUA-larla ordu gücləndiriləcəkmiş. Sual verilir ki, bəs niyə xərclənmədi? Cavab isə absurddur- müəyyən hesablamalar aparılırdı, hazırlıq işləri gedirdi və s. Belə çıxır ki, Aprel döyüşlərindən sonra iki il ancaq kağızda hesablamalar aparıblar, normal əməli addımlar atmayıblar. Əslində Sarkisyanın bu fikirləri birbaşa Nikolun vaxtilə haqlı olmasını göstərdi. Düzdür, Paşinyan hakimiyyətə gələn təsadüfi fiqur sayılır və o, siyasət adamı da deyildi. Qısa müddətdə ordu quruculuğu ilə məşğul ola bilməzdi, savadı, təcrübəsi də heç buna imkan vermirdi. Yalnız Rusiyadan alınmış köhnə, yarımçıq silah-sursatlarla yadda qaldı. Amma Nikol aşkar izah edirdi ki, əgər günahların hamısı məndədirsə, Sarkisyan və Koçaryan 20 ilə yaxın hakimiyyət dövründə hansı ordunu gücləndirmişdilər ki, indi də məğlub olduq? Məsələ bundadır. Buradan bir məna çıxır ki, qalibiyyətin sahibi çox olur, məğlubiyyət isə həmişə yetim qalır”.



Sahil İskəndərova görə, Sarkisyanın müharibə dövründə Qarabağın müstəqilliyinin tanınmasının vacibliyi ilə bağlı fikir bildirməsi gülünc doğurur:

“Ümumiyyətlə, həm Nikol, həm də Sarkisyan spekulyasiya ilə məşğuldur. Sarkisyan özü də çox gözəl anlayır ki, indiyədək Dağlıq Qarabağın müstəqilliyinin tanınmamasında konkret olaraq Azərbaycan-Rusiya münasibətləri xüsusi rol oynayıb. Moskva Bakının təkidləri ilə bu məsələdə İrəvana elə qulaqburması verərdi ki, Sarkisyanın indi belə boş-boş müsahibələr verməyə üzü qalmazdı. O, bütün müsahibəsində gözünün içinə qədər ağ yalanlar danışdı. Təsəvvür edin ki, bu adam bir tərəfdən deyir, Aprel döyüşlərində qalib gəliblərmiş, digər tərəfdən isə bildirir ki, onlar Rusiyaya döyüşlərin dayandırılması üçün meydana atılması, vasitəçilik etməsinə dair müraciət ediblər. Sual yaranır: sən nəyə söykənib deyirsən ki, 2016-cı ildə udan tərəf olmusan? Belə bir ifadə də işlədir ki, guya o həmsədrlərin qarşısında məsələ qoyubmuş ki, əgər müharibə uzanarsa, biz onda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq. Bəlkə də tarixin ən böyük erməni yalanlarından birini deyir. Sarkisyan Koçaryan kimi ömrü boyu Moskvanın müti qulu olub. O, heç vaxt cürət edə bilməzdi ki, icazəsiz belə addım atsın. Kremldən Serjin başına yaxşı siyasi şillələr yağardı. İndi böyük-böyük danışmaq asandır, özünü cəmiyyətə qəhrəman kimi göstərməkdə maraqları var. Bir xatırlatmanı da edim. Abramyan bir dəfə maraqlı fikir səsləndirmişdi. Sən demə Aprel döyüşlərindən sonra Azərbaycan ona görə hərbi əməliyyatları dayandırmışdı ki, Sarkisyan Bakı ilə danışıqlara gedib. Yəni Ermənistan müəyyən əraziləri güzəştlərə getməyə hazır imiş. Düşünürəm ki, Serjin ortaya düşüb, belə səfeh və yalan bəyanatlar verməsinin arxasında bu cür məqamlar da dayanır. Çünki hələ də Aprel savaşının və eləcə də 44 günlük müharibənin istintaqı davam edir. Görünür, orada “xoruzun quyruğu” artıq görünməyə başlayıb. İstisna etmirəm ki, həqiqətən Azərbaycanın ovaxtkı qətiyyətinin qarşısında Moskvanın müdaxiləsi rol oynadı. Yəni Rusiya moderatorluq edərək həmin dövrdə geniş müharibənin başlamamasına nail olmuşdu. O da ola bilər ki, erməni diasporu, onların Qərb havadarları Serjin güzəştlərə getməsinə imkan verməmək üçün orada dövlət çevrilişi oyununu ortaya atdılar. Amma Rusiya məcburən müharibəyə müdaxilə etməyərək Ermənistanı pat vəziyyətində qoydu, onun havadarlarını da uduzdurdu”.



Ekspert onu da vurğulayıb ki, Sarkisyanın müharibə zamanı Qarabağın müstəqilliyinin tanınmasının mümkünlüyü barədə nağıllar danışması cəfəngiyatdan başqa bir şey deyil. Sabiq prezidentin söylədiyi digər yalan isə budur ki, guya o, 2018-də xalqın qırılmaması üçün istefa verib. Əgər Qarabağ sənin üçün ali məqsəd idisə, sən o meydanda ölməli idin, amma hökuməti təhvil verməməli idin:

“Adam həm də rəsmən etiraf edir ki, danışıqları imitasiya xatirinə uzatmaqla beynəlxalq aləmlə də oyun oynayırmış. Çünki iddia edir ki, yeni hakimiyyət gələndən sonra indiyə qədər apardıqları danışıqlara zərbə vurub. Belə olan tərzdə Sarkisyanın fiaskosu təəccüb doğurmamalıdır. İndi özünün, Koçaryanın günahlarını Nikolun üzərinə atması doğru deyil. Əslində elə Nikol da onların tayı idi, ümumilikdə bir məzhəbə qulluq edən siyasi elitanın tələbləri ilə davranıblar. Serjin daha bir anormallığını göstərən fikri isə odur ki, deyir Kazan sammitində ortaya özlərinə sərf edən sənəd qoyubmuş. Hansı ki, burada Qarabağın demək olar ki, müstəqilliyi məsələsi yer alırdı. Loru dildə çıxsa da deyim ki, onun artıq başı çatmır. İlham Əliyev kimi uzun illər prinsipiallıq göstərən lider o sənədə qol çəkərdimi? Sarkisyandan soruşmaq lazımdır: hanı sənin məntiqin, siyasi proqnozun, olmayan müdrikliyin? İndi özünü müdrik, qəhrəman kimi göstərmək asandır. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan rəhbəri milli maraqlarımıza zidd olan heç bir sənədə imza atmayıb, atmazdı da. Guya hakimiyyətdə qalsaydı, Qarabağın müstəqilliyi yolu ilə gedəcəklərmiş. Belə məsələləri eşidəndə gülünc ölkə ilə üz-üzə qalmağımızı görürsən. Erməni rəhbərlərin hansı məntiqlə bəyanatlar verdiyini, addımlar atdığını başa düşmək çox çətindir. Sarkisyan bir daha sübut etdi ki, “erməni xəstəliyi” termini özünü doğruldur, sən demə, doğrudan da belə bir sindrom varmış. Böyük siyasətdə məğlubiyyəti qələbə kimi qələmə vermək, istədiyini artıq reallaşa biləcək fakt kimi göstərmək olmur. Bu qədər yalanla utanmadan çıxıb belə cəfəng fikirlər danışmaqda bir məqsəd var- 20 fevraldakı mitinq, çevrilişə cəhdə dəstək. Çünki belə cəfəng fikirlər erməni cəmiyyətində ajiotaj doğura bilir, onları aksiyalara ruhlandırır. Məğlubiyyət yarasının təzə olduğu vaxtlarda cəmiyyətdə aqressiya, revanşist hisslər güclü olur. Görünür, hansısa qüvvələr belə çıxışlar, bəyanatlarla xalqı ayaqda saxlamağa çalışırlar. İstisna edilmir ki, Koçaryan da ortaya atılıb müəyyən yalanlarla dolu açıqlamalar versin. Amma bu insanları aqressivləşdirib yeni mitinqə daha çox adam toplamaq metodu fiaskoya uğrayacaq. Moskvanın mövqeyindən çox şey asılıdır. Müxalifət qısa müddətdə Sarkisyanın təzadlı, həqiqətdən uzaq olan bəyanatları ilə tərəfdar toplamağa çalışsa da bu reallaşmayacaq. Çünki hazırda Paşinyanın hakimiyyətdə qalması Rusiya üçün vacibdir”.



Sarkisyanın müsahibəsində diqqətçəkən digər məqam onun “İsgəndər” raketləri ilə bağlı fikirləri oldu. Eks-prezident Ermənistanın müharibə zamanı “İsgəndər” atdığını etiraf edib, eyni zamanda Azərbaycanın Gəncə və digər şəhərlərinin məqsədli şəkildə raket atəşinə tutulması faktını təsdiqləyib. Mülki vətəndaşların hədəf alınmasını üstün tutan Sarkisyan bununla belə “İsgəndər” raketlərindən daha çox istifadə olunmamasından gileylənib. Ümumilikdə isə o, qalmaqallı müsahibəsi ilə həm özünü, həm də Ermənistan dövlətini ifşa edərək, gerçək simalarını göstərmiş oldu.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Paşinyan   Qarabağ   Cəfəngiyat   Məğlubiyyət  





Xəbər lenti