Nazarbayev “Qərb xərçəngi”nə tutulub? – TƏHLİL

  27 Mart 2013    Oxunub : 404
Nazarbayev “Qərb xərçəngi”nə tutulub? – TƏHLİL
Müasir dövrdə Qərbin xarici siyasətində əsas prioretlərdən biri Qafqaz və Orta Asiya regionunu Rusiyanın təsirindən çıxarmaq, bununla da regionun əsas enerji mənbələrini nəzarətə götürməkdən ibarətdir. Bu mənada zəngin neft və qaz ehtiyatlarına malik Orta Asiya regionu xüsusi əhəmiyyət daşıyır və Amerika bu regionu Moskvanın caynağından çıxarmaq üçün məqsədyönlü iş aparır.
Məsələn, Türkmənistan və Özbəkistan qazının Xəzər dənizindən Azərbaycana nəqlini nəzərdə tutan Transxəzər qaz kəmərinin çəkilişi, yaxud Türkmənistan qazının Əfqanıstan, Pakistan və Hindistana nəqlini nəzərdə tutan TAPİ xəttinin çəkilişi regionun Rusiyadan asılılığının qarşısını almaq məqsədini daşıyır. Bununla belə, regiondakı vəziyyətin təhlili göstərir ki, hələlik Orta Asiyada hesab rusların xeyrinədir və geosiyasi oyunda üstünlük Moskvaya məxsusdur.

Regionun ən iri dövləti Qazaxıstan birmənalı şəkildə Rusiya ilə razılaşdırılmış siyasət yürüdür. Qazaxıstan prezidenti Nazarbayev Putinin yaratdığı Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara həvəslə qoşulur, bu təşkilatların aparıcı üzvünə çevrilir. Eyni zamanda Rusiya ilə Çinin qurduqları Şanxay Əməkdaşlıq Təşkilatının da aparıcı dövlətlərindən biridir. Orta Asiyanın ən güclü və böyük dövləti kimi Qazaxıstanın Rusiya ilə eyni cəbhədə olması regionun yarı hissəsinə nəzarət anlamına gəlir. Bu faktor, Tacikistan və Qırğızıstan kimi kiçik dövlətlərin təsir dairəsindən çıxmamasına imkan yaradır. Tacikistanla Qırğızıstan prezidentlərinin Rusiya hərbi bazalarının öz ərazilərindən çıxarılacağı barədə bəyanat vermələrinə baxmayaraq, 2012-ci ildə Putinin hər iki ölkəyə səfəri nəticəsində müəyyən güzəştlər müqabilində hərbi bazaların qalma müddətləri daha 25 il uzadıldı. Özbəkistan ilə Türkmənistan isə Rusiyanın asılılığından xilas olmağa səy göstərsələr də, hələlik buna nail ola bilmirlər.

Belə bir ərəfədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xərçəng xəstəliyinə tutulduğu barədə məlumat yayıldı. Ümumiyyətlə, liderlərin qəfil xəstəlikdən ölmələrinin təsadüfi olmadığı və bunun arxasında müəyyən maraqlı qüvvələrin durması barədə də ehtimallar mövcuddur. Məsələn, Uqo Çavesin xərçəngə tutulmasının ABŞ xüsusi xidmət orqanlarının işi olması, Türkmənbaşı Niyazovun 2006-cı ildəki qəfil ölümünün təxribat olması barədə çox ehtimallar irəli sürülüb. Bu ehtimalların nə dərəcədə doğru olduğunu demək mümkün deyil, ancaq taktiki baxımdan, Orta Asiya dövlətlərinə “demokratik dəyərlər”i ixrac etməklə inqilabi vəziyyətin yaradılması o qədər də sərfəli variant deyil. Qırğızıstanda baş vermiş üsyanlar, Qazaxıstandakı Janozen olayları göstərdi ki, inqilabi yolla çevriliş yekunda mahiyyəti dəyişmir. Odur ki, bu ölkələrdə Qərb dəyərlərinə sadiq liderlərin hakimiyyətə gətirilməsi daha əlverişlidir. Çünki bu ölkələrdə ümumiyyətlə, müxaliflik anlayışı mövcud deyil, yaxud çox zəifdir. Eyni zamanda hakimiyyətə iddialı olan və ictimai nüfuza malik müxalif liderlər yoxdur. Buna görə, hakimiyyətin varislik prinsipilə hökümətdə təmsil olunan qərbyönümlü liderə ötürülməsi daha effektivdir. Belə olan halda tədricən demokratik ictimai şüurun formalaşmasıyla ölkənin liberallaşması mümkündür.

Türkmənbaşı Niyazovun ölümündə kimin əlinin olduğunu demək mümkün deyil, ancaq həqiqət ondan ibarətdir ki, ondan sonra hakimiyyətə gələn Berdımuhammedov Türkmənistanda tədricən müəyyən hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır və eyni zamanda, həvəslə Qərbin irəli sürdüyü layihələrə qoşulur.

Əgər Qazaxıstan prezidenti xəstəlik və ya digər səbəblə bağlı öz vəzifə səlahiyyətlərini icra edə bilməsə, Türkmənistan variantının bu ölkədə tətbiqi mümükündür. Nazarbayevin varisləri sırasında kürəkəni Timur Kulibayev, Astana şəhərinin meri İmanqali Tasmaqambetov, prezident administrasiyasının rəhbəri Kərim Məsimov kimi şəxslərin adı hallanır. Hakimiyyətə Nazarbayevin istənilən varisi gələ bilər, lakin bu zaman ölkənin tədricən xarici siyasi kursunda Qərbə meyillənmə özünü biruzə verəcək. Məhz Qazaxıstanın itirilməsi Rusiya üçün Orta Asiyanın nəzarətdən çıxması anlamına gəlir.

Tofiq Əsgərov

Teqlər: